Eynək taxan günəş
İradə Aytel
Eynək taxan günəş
(Hekayə)
abası Muradı evlərinin yaxınlığındakı “Xan bağı”na apardı. Günəşin şüaları ağacların yaşıl yarpaqları arasından süzülür, onların gözlərini qamaşdırırdı. Murad gün eynəyini taxıb yoluna davam elədi. Şamları, küknarları budaq-budaq gəzən bapbalaca, uzunquyruq dələlər, hovuzun içərisində cüt-cüt üzən dümmağ qu quşları, quyruğunda yeddi rəng olan tovuzquşu, uzun dimdikli balıqyeyənlər, haça buynuzlu marallar, ürkək-ürkək boylanan cüyürlər Muradın çox xoşuna gəlir, o, tez-tez babasına suallar verirdi:
- Baba, marallar nə yeyir ki buynuzları belə yekədi?
- Ot yeyirlər, Murad!
- Bəs cüyürlər?
- Cüyürlər də ot yeyir.
- Bəs dələlər?
- Dələlər qoz yeyir, müxtəlif ağacların tumunu yeyir.
- Bəs quşlar?
- Quşlar dən yeyir, tum yeyir?
- Baba, bəs onda niyə o quşun adı balıqyeyəndi?
- Həəəə, bala, bu quş isə balıqla qidalanır?
Babası Murada cavab verdikcə Murad yeni-yeni suallar tapırdı. O, bağdakı bütün ağacların, kolların, hətta çiçəklərin də adını öyrənməyə çalışırdı.
Birdən-birə göyün üzünə buludlar çökməyə başladı. Baba yağış yağacağından çox narahat oldu və Murada dedi:
- Murad, gedək evə hava tutulur, yağış yağar islanarıq.
Murad bağdan ayrılmaq istəmirdi. O, diqqətlə göyün üzünə baxdı və sevincək halda dedi:
- Baba, yağış yağmayacaq, bir bax, Günəşin gözləri qamaşmasın deyə eynək taxıb, birazdan eynəyini çıxaracaq.
Babası onun saçlarını sığallayıb, dedi:
- Gedək, Günəş eynəyini çıxaranda bir də gələrik.