Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 01 Sentyabr 2012 08:36

BALACA KİRPİ

Münəvər Tapdıqova

BALACA KİRPİ

(Hekayə)

Q
ürub vaxtı səma qıpqırmızıydı. Elə bil ki, dağların başından oyana dığırlanan günəşin yan-yörəsinə yumruq boyda nar sıxmışdılar. Axşam düşür, ətrafa qəribə sakitlik çökürdü. Uçub gedən qırmızı-qırmızı buludları qovan xəfif yay küləyi ağacların budaqlarını titrədir, pıçıldaşan körpə kövrək yarpaqlara sığal çəkirdi.

Aygül ikimərtəbəli evin  pilləkənləri üstündə oturub bayaqdan bəri bulağa gedən nənəsinin yolunu gözləyirdi. Aygül birdən dirrik tərəfdə gəndalaşların arasında Toplanın hürdüyünü eşidib qorxdu. Nənəm tez gəlsəydi - deyib, o yan-bu yana boylandı. Qorxa-qorxa darvazaya sarı getdi. Aygül yamyaşıl otların arasından burula-burula qalxan cığırla nənəsinin gəldiyini görüb ona sarı qaçdı. Həyəcanlanmış halda:

-      Nənə, nənə, həyətdə kimsə gizlənib. Toplan bayaqdan bəri kolluğa sarı dartınıb, hürür, - dedi.

Nənəsi bapbalaca cürdəyi Aygülə verib, gülümsündü:

-      Bir şey görüb deyin hürür, qadan alım, qorxma. Bəlkə xəbərçi saxsağandı, Toplanın payına ortaq çıxıb.

Nüşabə nənə səhəngi daş pilləkənlərin üstünə qoyub Aygülün əlindən tutdu.

-      Gəl görüm, səni qorxudan kimdi, qadan alım?

Toplan Nüşabə nənəni görüb hürməyinə ara verdi. Quyruğunu bulaya-bulaya asta-asta zingildədi. Sonra gəndalaş kollarına sarı kəsik-kəsik hürdü.

Nüşabə nənə keşniş ləklərinin arasıyla uzanan qaysaq bağlamış arxla kolluğa sarı getdi.

-     Aa, bu ki kürkü iynə kirpidi. Sən ondan qorxurdun?

-     Kirpi? Hanı, nənə?

-     Budey, gör necə qınına çəkildi. Yəqin bizdən qorxur, hə?

-     Tanımır, dərdim ürəyimə. Tanısa qorxmazdı. Görürsən lap bapbalacadı. Yəqin ki, təzə doğulub. Yuvası bəlkə elə o kolların arasındadı.

-     Deməli o qorxulu deyilmiş?

-     Qorxulu niyə olur, gözümün işığı. Kirpi dirrik qoruxçusudu. Heç bilirsən ilanlar ondan necə qorxur? Ən zəhərli ilanları da kirpi asanlıqla tutub boğur. Nahaq yerə deməyiblər ki, kirpi olan yerdə ilan olmaz.

-     Nənə, bəlkə onu evə aparaq, hə? Balaca nimçədə ona süd verərəm. Yəqin ki, südü xoşlayır, düz demirəm?

Nüşabə nənə gülə-gülə:

-     Ay şeytan, götürə bilirsən götür,- dedi.

Aygül əlini kirpiyə uzatdı. Tikanları barmaqlarına toxunan kimi geri çəkildi. Kirpi balası da qorxudan yumaq kimi yumrulamışdı.

-     Nə tikanlıdı. Bəs indi neyliyək, nənəcan?

-     Nüşabə nənə əlini nəvəsinin qumral saçlarında gəzdirdi:

-     Bircə darıxma, mən bu saat onu götürərəm, - dedi.

Çəpərə sancılmış  zoğal çubuqlarıyla kirpini dığırladıb sellafon torbaya saldı. Evə gətirib daş pilləkənlərin yanında yer düzəltdi, kirpini yupyumşaq otların üstünə qoydu. Təzəcə qalaylanmış teşti də üstünə çevirdi. Qoy bu gecəlik burda qalsın, sabah ona buğlanan təzə süd verərik.

Yatmamışdan qabaq Aygül nənəsinə kirpilər haqqında o qədər suallar verdi ki…

-     Nənə, kirpilər həmişə elə yumaq kimi olur?

-     Yox, dərdin alım. Axşam şər qarışdımı, onların yumaqları açılır. Başlayırlar yeriməyə. Muncuq kimi qapqara gözləriylə o yan bu yana baxıb özlərinə yem axtarırlar.

-     Nənə kirpilər ancaq ilan yeyirlər?

-     Niyə ki? Mer-meyvə, cücü-mücü də yeyirlər. Eh sən bir görəsən ağacdan küləyin saldığı iri, qıpqırmızı almaları kirpilər necə yuvasına daşıyır?

-     Bizim kirpi də?

-     Əlbəttə.

-     Onda bu gecə o ac qalar ki?

-     Eybi yoxdu, səhər-səhər ona süd içirdərik. Aygul elə sual verə-verə də yuxuya getdi. Gecə güclü külək əsdi. Qollarını pəncərəyə uzadan qoca palıd ağacı dəmir barmaqlıqlara toxunur, yarpaqlar pıçıl-pıçıl pıçıldaşırdılar.

Toplanın səsi daş pilləkənlərin yanından gəlirdi. Deyəsən dartınıb qayışı qırmışdı.

Səhər tezdən Nüşabə nənə həmişə olduğu kimi mis sərnici götürüb Qızıl inəyi sağmağa getdi. Aygül hələ şirin-şirin yatırdı. Nənəsi inəyi sağıb onu səslədi:

-     Dur, qadan alım, gör nə gözəl gün çıxıb. Yəqin kirpi də kürkünü çırpıb, yuxudan durub.

Aygül paltarını geyib daş pilləkənlərlə aşağı düşdü.

-     Vay-vay, buranı kim belə cırmaqlayıb? Aygülün səsinə Nüşabə nənə evdən çıxdı:

-     Nolub, a bala, səsin həyət-bacanı götürüb?

-     Nənə, bir bax, teştin yanını kimsə cırmaqlayıb. Nüşabə nənə teşti qaldırdı. Balaca kirpini görməyib təəccübləndi. O teştin altından necə çıxmışdı?

-     Nənə, nənə, Toplana bax? Çəpərin dibində uzanıb ilıq səhər günəşindən xumarlanan Toplanı görəndə Nuşabə nənəyə hər şey bəlli oldu. Balaca kirpini Toplan azad etmişdi. Nənə gülümsəyə-gülümsəyə:

-     Görünür, dünən hay-küy salıb balaca kirpini «həbs elətdirən» Toplan öz günahını başa düşüb, xəcalət çəkib.elə ona görə də bütün gecə teştin böyür-başını cırmaqlayıb, burnuyla teşti qaldıraraq balaca kirpini «həbsdən» azad edib.

Nüşabə nənə çəpərin dibində yatmış, bütün gecə əlləşib, yorulub əldən düşmüş Toplanın başını sığalladı və gülümsəyə-gülümsəyə: Ay səni, Toplan, - dedi. 

Oxunub 11844 dəfə