Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 30 Avqust 2012 13:43

NOXUDOĞLAN

NOXUDOĞLAN

Ukrayna nağılı

b
iri vardı, biri yoxdu. Bir qoca ilə bir qarı vardı. Onların altı oğlu, bir qızı vardı. Bir dəfə ata oğullarını tarlanı şumlamağa göndərdi. Oğullar hazırlaşdılar və dedilər:

-     Qoy bacımız bizə əkin yerinə yemək gətirsin, günün ortasında bir də evə qayıtmayaq.

Bacı soruşdu:

-     Bəs sizi necə tapım?

Qardaşlar dedilər:

-     Biz evdən tarlaya kimi kotanla şırım açarıq. Sən də bu şırımla gələrsən.

Qardaşlar yığışıb getdilər.

Yolla gedir, kotanla şırım açırdılar.

Həmin tarlanın yaxınlığındakı meşədə bir əjdaha yaşayırdı. Əjdaha gördü ki, qardaşlar kotanla yol açırlar və başa düşdü ki, bu yolla kimsə gələcək. İlan həmin cığırı tapdalayıb öz evinə tərəf yeni yol açdı.

Bu vaxt isə ana oğulları üçün yemək hazırladı və dedi:

-     Qızım, qardaşlarına yemək apar!

Qız yeməyi götürüb qardaşlarının yanına yola düşdü. Evdən çıxdı və əjdahanın açdığı yolla getməyə başladı. Gəlib əjdahanın evinə çıxdı. Orda əjdaha onu tutdu və dedi:

-     Bundan sonra həmişəlik mənim yanımda yaşayacaqsan, öz doğmalarını unut: onları heç vaxt

görməyəcəksən!

Günorta qardaşlar öküzləri kotandan açdılar, oturub bacılarını gözləməyə başladılar. Bacıları isə gəlib çıxmaq bilmirdi. Elə də axşama kimi ac-susuz işlədilər.

Axşam evə qayıtdılar və analarından soruşdular:

-     Niyə bacımız bizə yemək gətirmədi?

Ana cavab verdi:

-     Olenka sizə yeməyi çoxdan aparıb, amma hələ də qayıtmayıb. Mən elə bildim, о sizinlə gələcək.

Bəlkə hardasa azıb?

Qardaşlar təşvişə düşdülər:

-     Bəlkə Olenkanı meşədə yaşayan lənətə gəlmiş əjdaha oğurlayıb? Gedib onu axtarmalıyıq!

Onların altısı da şırımla yola düşdülər. Yolla gedir, öz aralarında söhbət edirdilər. Birdən rastlarına donuzlarını otaran çoban çıxdı.

-     Salam, çoban əmi!

-     Salam, cavanlar! Hara gedirsiz?

Qardaşlar dedilər:

-     Bacımızı axtarırıq. Görünür onu lənətə gəlmiş əjdaha oğurlayıb!

-     Əgər siz bacınızı əjdahanın əlindən qurtarmağa gedirsinizsə, onda mənim sürümdəki ən iri

qabanı qızardıb yeyin!

Qardaşlar çobanın niyə belə dediyini başa düşmədilər, amma mübahisə etmədilər. Ən böyük qabanı kəsdilər, qızartdılar və yeməyə başladılar. Nə qədər yesələr də dörddə birini də yeyib qurtara bilmədilər.

-     Eh, - dedi çoban, - əgər siz bir qabanı yeyə bilmədinizsə, yaxşısı budur heç əjdahanın yanına

getməyin. Evinizə qayıdın! Getsəniz, sağ qalmayacaqsmız!

Qardaşlar ona qulaq asmadılar, yollarına davam etdilər.

Az getdilər, çox getdilər, gördülər ki, bir çoban mal-qara otarır. Qardaşlar dayandılar, çobanla salamlaşdılar:

-     Salam, çoban əmi!

-     Salam, cavanlar! Hara belə gedirsiz?

-     Əjdahanın yanına, bacımızı xilas etməyə.

-     Əgər bacınızı onun əlindən almaq istəyirsinizsə, - dedi çoban, - mənim sürümdən ən böyük

öküzü tutub kəsin, onu qızardıb hamısını yeyin!

Qardaşlar ən böyük öküzü tutdular, onu kəsdilər, qızartdılar, yeməyə başladılar. Hərəsi bir az yedi, daha yeyə bilmədilər. Çoban onlara dedi:

-     Siz altı nəfər bir öküzü yeyə bilmədiniz. Görünür, gücünüz də azdır, bacınızı xilas etməyə

yetməyəcək. Yaxşısı budur, sağ-salamat ikən evinizə qayıdasınız.

Qardaşlar onu dinləmədilər. Yollarına davam etdilər.  Az  getdilər, çox getdilər, bir çobana rast gəldilər. Bu çoban at ilxısını otarırdı.

-     Salam, çoban əmi!

-     Salam, cavanlar! Наrа belə gedirsiz?

-     Qaranlıq meşədə yaşayan əjdahanın yanına gedirik. Lənətə gəlmiş, bizim bacımızı oğurlayıb.

Onu qurtarmalıyıq!

Çoban qara atı göstərib dedi:

-     Kim bu qara atı tutsa, ona minsə, о da əjdahanı öldürüb bacısını xilas edəcək. Tuta bilməyən

yaxşısı budur evinə qayıtsın!

Qardaşlar qara atı tutmağa nə qədər cəhd etsələr də, bacarmadılar.

-     Evinizə qayıdın! - dedi çoban onlara.

-     Yox, bacımızı qurtarmalıyıq!

Yollarına davam etdilər. Az getdilər, çox getdilər, gəlib əjdahanın evinə çatdılar. Həyətə girdilər, yan-yörələrinə göz gəzdirdilər, bacılarını çağırmağa başladılar.

Səsə Olenka çıxdı və dedi:

-     Qardaşlarım, canlarım-ciyərlərim! Niyə bura gəlmisiniz? Siz bu əjdahaya qalib gələ

bilməzsiniz. Bir azdan uçub gələcək, sizin hamınızı öldürəcək. Sizi harda gizlədim axı? Sakitcə bu pəyədə oturun.

Qardaşlar təzəcə pəyəyə girmişdilər ki, yer titrəməyə, uğuldamağa başladı. Əjdaha uçub gəldi, hər yerə nəzər saldı, ətrafı iylədi və dedi:

-     Fu! Fu! Adam-badam iysi gəlir!

Olenka isə ona belə cavab verir:

-     Məndən başqa burda kim ola bilər ki? Sən dünyanı gəzmisən, insanların iyini almısan.

-     Ola bilər, sən deyən kimidir! - dedi əjdaha.

Olenka ondan soruşdu:

-     Qardaşlarımı burda görsəydin nə edərdin? Onları öldürərdin?

-     Yox, - dedi əjdaha, - öldürməzdim. Ən əziz qonaq kimi qarşılayardım!

Olenka sevincək həyətə qaçdı. Pəyəni açdı və dedi:

-     Çıxın, qardaşlarım!

Onlar pəyədən çıxdılar. İlan soruşdu:

-     Hə, nə var, nə yox, əziz qonaqlarım?

-     Salamatçılıq!

-     Hə, Olenka, qonaqlara süfrə aç! Yemək gətir!

Bacıları yemək gətirdi. Əjdaha öküzləri bütöv yeyir, qardaşlar bir tikə yedilər, daha yeyə bilmədilər.

İlan dedi:

-     İndi də qozları gətir, çərəz yeyək.

Olenka bir kisə dəmir qoz gətirdi. Qozların hərəsi bir yumruq boyda idi. İlan qardaşlara dedi:

-     Hə, əziz qonaqlar, gəlin qoz yeyək!

Əjdaha dəmir qozları asanlıqla sındırıb yeməyə başladı. Qardaşlar isə hərə bir qoz götürdi, sındırmaq istədilər, amma bacarmadılar. Əjdaha güldü və dedi:

-     Hə, cavanlar, vuruşmağa gəlmisiniz, yoxsa barışmağa?

-     Vuruşmağa!

-     Yaxşı, onda düzən bir yerə gedək!

Gəlib düz bir yerə çıxdılar.

Əjdaha bir üfürdü, meydan dəmirə döndü. Əjdaha altı qardaşın altısını da dəmir meydana çırpdı. Sonra hamısını qaldırıb dərin bir quyuya atdı, quyunun ağzına ağır bir daş qoydu.

Qoca ilə qarı oğullarını çox gözlədilər, amma onlar gəlib çıxmaq bilmirdilər.

-     Görünür, - dedi onlar, - balalarımızın başına bir iş gəlib, daha qayıtmayacaqlar... Biz

bəxtiqaralar bu yaşımızda dünyada tək-tənha qaldıq!..

Bir dəfə qarı paltar yudu, onu yaxalamaq üçün çaya endi. Paltarları yaxalayanda gördü ki, sahillə bir noxud diyirlənir. Qarı noxudu götürdü, ağzına atdı və evinə yollandı.

Azmı keçdi, çoxmu keçdi, qarının bir oğlu oldu. Qocalar ona ad fikirləşməyə başladılar. Qarı çayın sahilində tapıb udduğu noxudu xatırladı və dedi:

-     Gəl onun adını Noxudoğlan qoyaq!

Belə də etdilər.

Noxudoğlan ilbəil yox, saatbasaat, dəqiqəbədəqiqə böyüyürdü. Böyüyüb elə boylu-buxunlu, qədd-qamətli, yaraşıqlı oldu ki, iki göz istəyirdi tamaşasına dursun! Üstəlik hər bir işdə ata-anasına köməkçi idi, heç bir işdən boyun qaçırmırdı.

Bir dəfə qoca evinin qarşısında bir quyu qazmaq fikrinə düşdü. Torpağı qazımağa başladı, Noxudoğlan da onunla birlikdə qazırdı. Az qazıdılar, çox qazıdılar böyük bir daşa çatdılar. Qoca dedi:

-     Gərək adamları köməyə çağıraq, biz ikimiz bu daşı çıxara bilmərik!

Getdi adamları köməyə çağırsın. О gedib qayıdana kimi Noxudoğlan daşı təkbaşına çıxardı. Dayanıb daşı əlində atıb-tuturdu, sanki əlindəki oyuncaq daş idi. Adamlar gəldilər, bu mənzərəni görüb gözlərinə inanmadılar, ömürlərində belə şey görməmişdilər. Qoca və Noxudoğlan işlərinə davam etdilər. Yenə də az qazıdılar, çox qazıdılar dəmir bir sancaq çıxardılar.

-     Atacan, gedim dəmirçinin yanına, - dedi Noxudoğlan, - qoy о mənə bu sancaqdan bir gürz

düzəltsin!

Dəmirçinin yanına gəldi, sancağı göstərdi. Dəmirçi təəccübləndi, fikirləşməyə başladı: "Məgər bu sancaqdan gürz düzəltmək olar?"

Bunu deyib gürzü öz dəmirindən düzəltdi.

Noxudoğlan gəlib soruşdu:

-     Necə oldu, gürz düzəltdin?

-     Hə, düzəltdim.

-     Mənim sancağımdan?

-     Hə, səninkindən.

Noxudoğlan gürzü götürdü, evə qayıtdı. Atasına dedi:

-     İndi mən gürzümü göyə atacam, sonra gedib yatacam. Siz isə məni on iki gündən sonra oyadın.

Gürz yerə düşəndə mən onu tutacam!

Həyətə çıxdı və gürzünü yuxarı atdı. Sonra evə qayıtdı, uzandı və yuxuya getdi.

On iki gündən sonra gürz uğuldayaraq geri qayıtmağa başladı! Ata Noxudoğlanı oyatdı. Noxudoğlan həyətə çıxdı, çeçələ barmağını uzatdı. Gürz onun barmağına dəyib çilik-çilik oldu, ətrafa səpələndi.

-     Yox, - dedi Noxudoğlan, - dəmirçi bu gürzü mənim sancağımdan düzəltməyib!

Dəmirçinin yanına gəldi, öz sancağından təzə gürz düzəltməyi buyurdu.

-     İşdi aldatsan, sənin başını çəkiclə əzəcəm!

Dəmirçi öz köməkçilərini çağırdı:

-     Tez olun, dəmirçixananı süpürün! Zibili ələyin, sancağı axtarın: mən onu yerə tullamışam!

Köməkçilər dəmirçixananı süpürdülər, zibili bir yerə yığdılar, ələməyə başladılar. Ələyib sancağı tapdılar.

Dəmirçi sancağı götürdü, odda qızdırmağa başladı. Sancaq göz önündə böyüməyə başladı. Dəmirçi ondan gürz düzəltməyə başladı. Elə bir gürz düzəltdi ki, iyirmi pəhləvan da onu yerindən qaldıra bilməzdi. Noxudoğlan isə gürzü tək əli ilə götürdü, evlərinin həyətinə gətirdi və göyə atdı. Özü isə on iki günlük yuxuya getdi.

On üçüncü gün gürz dəhşətli uğultu salaraq yerə geri qayıtmağa başladı. Ata Noxudoğlanı oyatdı. О həyətə çıxdı, çeçələ barmağını uzatdı, gürz çeçələ barmağa dəydi, yalnız bir az əyildi.

-     Hə, - dedi Noxudoğlan, - belə gürzlə hara istəsən getmək olar!

Evə qayıtdı, oturub ata-anası ilə nahar etməyə başladı.

Yeməyini bitirdikdən sonra söhbətə başladı:

-     Məndən əvvəl sizin uşaqlarınız olub?

-     Bizim altı oğlumuz, bir də Olenka adlı bir qızımız var idi.

-     Bəs onlar hardadır?

Qoca və qarısı ağlamağa başladı:

-     Onlar tələf olublar, yoxa çıxıblar... Yəqin ki, onları lənətə gəlmiş əjdaha məhv edib...

-     Hə, - dedi Noxudoğlan, - əgər belədirsə, mən onları axtarmağa, xilas etməyə gedirəm!

Ata-anası onu fikrindən daşındırmağa çalışdılar:

-     Getmə, oğlum! Onlar altısı birdən gedib qayıtmayıblar, sənsə təkbaşına heç bir şey edə

bilməzsən!

-     Yox, - dedi Noxudoğlan, - mənə heç bir şey olmaz. Mən öz doğma bacı-qardaşlarımı necə darda

qoya bilərəm? Buna yol verə bilmərəm! Mənə yola dağarcıq tikin, çörək qurudun!

Əlac yox idi, anası ona yola dağarcıq tikdi, çörək qurutdu. Noxudoğlan dağarcığını götürdü, ata-anası ilə vidalaşdı və bacı-qardaşlarını axtarmağa getdi.

Az getdi, düz getdi, donuz sürüsünü otaran bir çobana rast gəldi. Noxudoğlan çobanla salamlaşdı. Çoban ondan soruşdu:

-     Hara gedirsən, igid?

-     İlanın yanına gedirəm, bacı-qardaşlarımı xilas etməyə.

-     Onlar əjdahanın əlindədirlər, sən də məhv olacaqsan! Əgər sürümdəki ən böyük qabanı tutsan və

onu yesən, onda əjdahaya da qalib gələ bilərsən! Yeyə bilməsən, sağ-salamat ikən geri qayıt!

Noxudoğlan dərhal ən böyük qabanı tutdu, onu kəsib qızartdı və hamısını yedi. Çobana təşəkkür edib yoluna davam etdi.

Az getdi, düz getdi, mal-qara otaran bir çobana rast gəldi.

-     Salam, çoban əmi!

-     Salam, igid! Hara belə gedirsən?

-     İlanın yanına gedirəm, doğma bacı-qardaşlarımı xilas etməyə.

-     Hə, heç olmasa gücün var? Əgər mənim sürümdəki ən böyük öküzü yeyə bilsən, bəlkə də onları

xilas edə bilərsən. Yeyə bilməsən əjdahanın yanına getməsən yaxşıdır, məhv olarsan!

Noxudoğlan ən böyük öküzü kəsdi, qızartdı və hamısını yedi, təkcə sümükləri qaldı. Çobana təşəkkür et­di və yola düşdü.

Az getdi, düz getdi, at ilxısının keşiyini çəkən bir çobana rast gəldi. Dayanıb çobanla salamlaşdı.

-     Salam, çoban əmi!

-     Salam, igid! Hara belə gedirsən?

Noxudoğlan çobana hara və niyə getdiyini danışdı.

Çoban dedi:

-     Əgər bax о qara atı tutub ona minə bilsən, deməli əjdahanı öldürməyə gücün yetəcək! Tuta

bilməsən, əjdahanın əlində özün məhv olacaqsan!

Noxudoğlan qara atı tutdu, ona minən kimi at yerə yapışdı.

-     Eh, - dedi Noxudoğlan. - Belə atla uzağa getmək olmaz!

Çobanla sağollaşdı və yoluna davam etdi.

Meşədə çox yol qət etdikdən sonra həddən böyük bir həyətə rast gəldi.

Həyətə girib gördü ki, hər yanda sakitlikdir, evə də baş çəkdi - yenə də səs-səmir gəlmirdi. Heç kim gözünə dəymədi (əjdaha bu vaxt uçaraq xeyirxah insanlara hücum edirdi).

Bir qız çıxıb ondan soruşdu:

-     İgid, xeyir ola bura gəlmisən? Sən kimsən?

-     Eh, gözəl qız! Niyə məni tanımadın! Mən sənin qardaşın Noxudoğlanam, gəlmişəm əjdahanı

öldürüm, səni, qardaşlarımı evimizə aparım!

-     Sən necə mənim qardaşım ola bilərsən, axı? - de­di qız. - Mən səni tanımıram.

-     Mən axı sən və qardaşlarım yoxa çıxandan sonra doğulmuşam!

Noxudoğlan bacısına ata-anası barədə danışdı. Son­ra soruşdu:

-     Bəs qardaşlarımız hardadır? Qız ağlamağa başladı:

-     Qardaşlarım bura məni xilas etməyə gəlmişdilər, amma burda da tələf oldular. Lənətə gəlmiş

əjdaha onları ölənə kimi döydü və quyuya atdı, quyunun üstünə isə ağır bir daş qoydu... Səni də məhv edəcək... Yaxşısı budur о gəlməmiş qaç, canını qurtar...

-     Yox, - dedi Noxudoğlan, - mən bura qaçmağa gəlməmişəm. Gəlmişəm ki, əjdahanı öldürüm,

sizi də bu zindandan qurtarım.

Bunu demişdi ki, yer titrəməyə, uğuldamağa başladı.

-     Ah, əziz qardaşırn! - dedi Olenka. - Tez gizlən, əjdaha gəlir!

-     Yox - dedi Noxudoğlan, - gizlənməyəcəm. Gizlənpaç oynamağa gəlməmişəm ki!

Əjdaha uçub gəldi, qışqırdı:

-     Fu! Fu! Adam-badam iysi gəlir!

-     Niyə də gəlməsin, - deyə Noxudoğlan cavab verdi, - axı mən burdayam!

-     Ey, igid, sənə nə lazımdır? Vuruşmağa, yoxsa barışmağa gəlmisən?

-     Sənin kimi qaniçənlə barışmaq yox, yalnız vuruşmaq lazımdır! - dedi Noxudoğlan.

-     Ha-ha! Bir buna baxın! Yaxşı, sən deyən olsun! Amma əvvəlcə nahar etmək lazımdır!

-     Etiraz etmirəm!

Əjdaha yemək gətirməyi əmr etdi. Olenka yemək gətirdi.

-     Görək sən necə pəhləvansan, - dedi əjdaha. - Bütöv bir qabanı yeyə bilərsən?

-     Gör necə yeyirəm! - deyə Noxudoğlan cavab ver­di. Bunu deyib qabanı elə yedi ki, əjdaha göz

açmağa macal tapmadı.

-     Bütöv öküzü yeyə bilərsən?

-     Bu da çətin iş deyil!

Öküzü də yedi.

-     Afərin! - dedi əjdaha. - İndi görək bu çərəzin dadına baxa biləcəksən, yoxsa yox.

Dəmir qozla dolu torbanı gətirməyi buyurdu. Qozların hərəsi bir yumruq böyüklükdə idi.

Qozlar gəldi. Əjdaha qozları iki-iki, Noxudoğlan isə dörd-dörd sındırıb yeyirdi.

Bütün qozları yedikdən sonra əjdaha dedi:

-     Hə, nə deyirsən, vuruşaq, yoxsa barışaq?

-     Vuruşaq!

-     Gedək düzən bir yerə, meydançaya.

-     Gedək.

Gəlib meydançaya çatdılar. Əjdaha bir üfürdü, meydança misə döndü. Əjdaha dedi:

-     Birinci sən vur!

-     Yox, - dedi Noxudoğlan, - birinci sən vur: ev sahibi sənsən, mən deyiləm!

Əjdaha Noxudoğlanın başından vurdu, Noxudoğlan topuğuna kimi mis meydançaya batdı.

Noxudoğlan ayaqlarını çıxardı, qolaylanıb gürzü ilə əjdahanın başından elə vurdu ki, əjdaha dizlərinə qədər misə batdı.

Əjdaha birtəhər çıxıb bir də qolaylandı, var gücü ilə Noxudoğlanı vurdu, о da dizə kimi misə batdı... İlan çox sevinə bilmədi: Noxudoğlan dərhal ayaqlarını çıxarıb, cəld tərpəndi, gürzü əjdahanın başından elə endirdi ki, о qurşağına kimi misə girdi. Əjdaha çıxıb canını qurtarmaq istəsə də bacarmadı. Noxudoğlan onu gürzlə bir də vurdu. Özünə gəlməyə imkan vermədən üçüncü dəfə də vurdu və öldürdü...

Bundan sonra bacısının yanına gəldi və soruşdu:

-     Əjdaha qardaşlarımızı harda gizlədib?

Olenka onu daşın yanına gətirdi. Daş çox nəhəng idi: yüz pəhləvan da gəlsə tərpədə bilməzdi. Noxudoğlan ayağı ilə daşı itələdi, daş kənara düşdü, parça-parça oldu.

-     Əziz qardaşlarım, siz sağsınız? - deyə Noxudoğlan soruşdu:

Qardaşlar isə elə zəifləmişdilər ki, cavab verməyə taqətləri də qalmamışdı. Güclə nəfəs alırdılar.

Noxudoğlan qardaşlarını quyudan çıxardı, bir az özlərinə gəldikdən sonra isə hamını ata-anasının yanına apardı. Əjdahanın isə həyət-bacasını da yandırdı ki, külü də qalmasın.

Ata və ana öz övladlarını sağ-salamat görüb elə sevindilər ki, gəl görəsən! Onları qucaqlayıb öpdülər, bağırlarına basdılar.

Oxunub 8204 dəfə