Heydər Əliyev Mərkəzinin parkında "Oxu günü" keçirilib
Heydər Əliyev Mərkəzinin parkında ənənəvi olaraq təşkil edilən “Oxu günü” keçirilib. Tədbir Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Gənclər Fondunun və “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşıb.
“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən “Oxu günü”nün məqsədi yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılmasıdır.
Tədbirdə paytaxtın müxtəlif ümumtəhsil məktəblərinin və liseylərinin şagirdləri təqdimatlarla çıxış ediblər. Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri, interaktiv yarışlar keçirilib. Üç saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivinin iştirakı ilə musiqili proqram təqdim olunub.
Tədbir çərçivəsində bədii-elmi kitabların sərgisində nəşriyyat və kitabxanalar öz stendlərində müxtəlif nəşrləri nümayiş etdiriblər.
Xatırladaq ki, 1996-cı il aprelin 23-dən dünyada, 1997-ci ildən isə Azərbaycanda Ümumdünya Kitab və Müəllif Hüquqları Günü qeyd olunur. Bu barədə qərar 1995-ci ildə Parisdə, UNESCO-nun baş konfransında qəbul edilib.