Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki şəhərində qarışıq tipli uşaq evi üçün inşa olunan yeni bina istifadəyə verilib
Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəki şəhərində qarışıq tipli uşaq evi üçün inşa olunan yeni binanın açılışında iştirak edib, uşaq evinin rəmzi açılışını bildirən lenti kəsiblər.
Qeyd edək ki,bir hektar ərazidə ümumi sahəsi 2 min kvadratmetrdən çox olan ikimərtəbəli uşaq evi bütün yaş qrupları üzrə 80 yerlikdir. Şəki rayonu ilə yanaşı, ətraf bölgələri də əhatə edən uşaq evində hazırda valideyn himayəsindən məhrum olan 3 yaşdan 20 yaşadək 60 nəfər məskunlaşıb. Burada, eyni zamanda, məktəbəqədər yaş qrupları üçün 20 yerlik uşaq bağçası da fəaliyyət göstərir.
Həmçinin uşaq evinin ərazisində açıq havada min kvadratmetr sahəsi olan idman meydançası qurulub. Heydər Əliyev Fondu tərəfindən uşaq evinə müvafiq avadanlıq və avtobus hədiyyə edilib.