Moskvada Qələbənin 70 illiyinə həsr olunan hərbi parad keçirilir
Rusiya paytaxtında - Qızıl Meydanda faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə hərbi parad başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, parad müdafiə naziri, ordu generalı Sergey Şoyqunun tribunada dayanan prezident və ali baş komandan Vladimir Putinə raport verməsi ilə başlayıb.
Sonra Vladimir Putin çıxış edib.
Qələbə paradları tarixində ilk dəfə olaraq hərbi keçid Böyük Vətən müharibəsində həlak olan insanların xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Paradda 40-dan artıq dövlətin rəsmi nümayəndəsi, 27 ölkənin dövlət və hökumət başçısı iştirak edir. Təntənəli tədbirə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da qatılıb.
BMT-nin baş katibi Pan Gi Mun və digər beynəlxalq təşkilatların rəhbər şəxsləri də Qızıl Meydandadır.
Qeyd edək ki, Moskva ilə yanaşı, Rusiyanın digər böyük şəhərlərində də hərbi paradlar təşkil olunub.