Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi “Çərşənbələrimiz” adlı bayram proqramı ilə səhnədə
Martın 11-də Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin şagirdləri Novruz bayramına həsr olunmuş “Çərşənbələrimiz” adlı bayram konserti ilə tamaşaçıların qarşısına çıxdı. Tədbir vokal, rəqs və nağaraçılar qruplarının çıxışları, o cümlədən “Arşın mal alan“, “Şənlik rəqsi“, “Qaytağı rəqsi”, “Bahar rəqsi”, “Özbək rəqsi“, “Məktəbli nəğməsi“, “Novruzum mahnısı“ və digər maraqlı ifalarla yadda qaldı.
Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən konsertdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova da tədbir iştirakçılarını salamladı. Onun sözlərinə görə, hər bir dövlətin qüdrəti vətəndaşlarının şüuru və təfəkkürü ilə müəyyən olunur və bu baxımdan uşaqların formalaşmasında valideynlərlə yanaşı...
peşəkarların da rolu çox vacib və danılmazdır. Hər il yeni proqramlarla tamaşaçılarını sevindirən Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” rəqs qrupunun “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin ötən il həyata keçirdiyi “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin yekun konsertində rəngarəng çıxışlarını xatırladan İradə Yaqubova kollektivin rəhbəri Lalə Qəti və onun yetirmələrinə minnətdarlığını bildirərək, yeni yaradıcılıq uğurları arzuladı.
Qeyd edək ki, bayram konsertində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Nizami rayon İcra Hakimiyyəti və digər dövlət strukturlarının təmsilçiləri iştirak edirdi.