İSESCO-ya üzv ölkələrin uşaq məsələləri üzrə məsul nazirlərinin IV konfransının sonunda Bakı Bəyannaməsi qəbul edilib
Sənəddə Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində zərər çəkən uşaqlarla bağlı bənd də var
Bakıda keçirilən İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” adlı IV konfransı işini başa çatdırıb. APA-nın xəbərinə görə, konfransın yekununda İslam ölkələrinin uşaq məsələlərinin həllini özündə əks etdirən Bakı bəyannaməsi qəbul edilib.
İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycri bildirib ki, bəyannamədə uşaqların təhsil, tibbi xidmətlərə birbaşa çıxış imkanlarının əldə edilməsi, onların sosial hüquqlarının müdafiəsi öz əksini tapıb. Onun sözlərinə görə, islam ölkələrində küçə uşaqlarının problemləri araşdırılır və onun qarşısının alınması ilə bağlı məsələlər də yekun sənəddə yer alıb: “Bakı bəyannaməsində ən aktual məsələ olan Dağlıq Qarabağda münaqişə və onun nəticəsində zərər çəkən uşaqların həyatları ilə bağlı bənd var. Həmin bənddə Azərbaycan torpaqlarının işğal olunması qeyd olunub və orada zərər çəkən uşaqlarla bağlı digər məlumatlar öz əksini tapıb”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirib ki, bu konfransın yekunu olaraq imzalanmış bəyannamə də öz növbəsində gərgin zəhmətin və dolğun müzakirələrin bariz nümunəsidir. H.Hüseynova bu bəyannamədə göstərilən məsələlərin bəşəri əhəmiyyət daşıdığı üçün BMT-nin və Avropa Şurasının fəaliyyətinə daxil olması barədə təklif irəli sürülməsini vacib hesab edib.
Konfransın sonunda AQUPDK-nin sədri Hicran Hüseynova və İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycri konfransın işinə xüsusi dəstək verdiyinə görə Azərbaycan prezidenti İlham Əliyev və UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Sonda konfrans iştirakçıları adından prezident İlham Əliyevə müraciət ünvanlanıb.