Azərbaycan prezidenti Sabunçuda iki məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Sabunçu rayonundakı 252 və 80 nömrəli orta məktəblərin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov əvvəlcə 252 nömrəli məktəbdə aparılan yenidənqurma işləri və yaradılan şərait barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, Dövlət Proqramına uyğun 40 sinif otağından ibarət 800 şagird yerlik əlavə korpus inşa olunub. 1900 şagird yerlik məktəbdə hazırda 1176 şagird təhsil alır. Məktəbin bütün sinif otaqlarında, ayrı-ayrı fənn kabinetlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.
Prezident sonra 80 nömrəli orta məktəbə gəlib. Burada da görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. Bildirilib ki, 860 yerlik məktəbdə 1110 şagird təhsil alır. Gələn il üçün 30 sinif otağından ibarət 600 şagird yerlik yeni korpusun inşa olunacağı gözlənilir. 80 nömrəli məktəbdə də bütün sinif otaqları, fənn kabinetləri, iclas və idman zalları əsaslı şəkildə yenidən qurulub və lazımi avadanlıqla təchiz edilib.
Yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısı görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verib.