Azərbaycanda yeni dərs ilinin başlanması ilə əlaqədar hərəkətin təhlükəsizliyi aylığı keçirilir
Azərbaycanda yeni dərs ilinin başlanması ilə əlaqədar “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığına start verilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə DİN rəhbərliyinin müvafiq göstərişi var. Göstərişə əsasən, təhlükəsizlik aylığı sentyabr ayının 10-dan, oktyabr ayının 10-dək keçiriləcək.
Tədbirin keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.
DİN rəhbərliyinin göstərişində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlilinin aparılması, onların başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlərin görülməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və s. həyata keçirilməsi öz əksini tapıb.