Akademik Milli Dram Teatrda “Maşa və Ayı” tamaşası nümayiş olunub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Gürcüstanın “Multi-Pulti Dünyası” Uşaq Teatrının hazırladığı “Maşa və Ayı” tamaşası nümayiş olunub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 21 və 27 apreldə nümayiş olunan tamaşa çox böyük marağa səbəb olub.
“Maşa və ayı” tamaşası lisenziya əsasında hazırlanıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir. Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək. Bakıda nümayiş olunan seriya “Arzular çin olur” adlanır.
Novruz bayramına həsr olun tamaşanın qəhrəmanı - dəcəl Maşa Bakıdan qonaq gəlməsini arzulayır və onun arzusu çin olur. Azərbaycan folklorunun ən məşhur personajı Cırtdan Maşagilə qonaq gəlir. Cırtdan Maşaya Novruz bayramı haqqında məlumat verir, bayram şirniyyatlarının hazırlanma qaydasını, Azərbaycan rəqslərini öyrədir.
Cizgi filminin motivləri əsasında hazırlanan uşaq tamaşasında azərbaycanlı və gürcü aktyorlar çıxış edib. Tamaşanın quruluşçu rejissoru Qoça Kviçadır. Rolları Maka Tsintsadze (Maşa), Amiran Buidze (Ayı), Niko Kakabadze (Canavar), Tamuna Bedianaşvili (Qartopu), Elnur Əliyev (Cırtdan) və Elnar Qarayev (Şaxta baba) ifa edib.