Azərbaycanda “Uşaq Qaynar Xətt” xidmətinin yaradılmasının 3 illiyi qeyd olunub
Bu gün Sabunçu rayon Əhalinin Müdafiə Mərkəzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin yaradılmasının 3 illiyi qeyd olunub. APA-nın xəbərinə görə, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman aparatı), Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər təşkilatlardan olan nümayəndələrin iştirak etdiyi tədbirdə xidmətin fəaliyyət göstərdiyi müddət ərzində gördüyü işlər və gələcək planlar müzakirə olunub.
“Ümidli gələcək” gənclər təşkilatının nümayəndəsi Kəmalə Aşımova bildirib ki, “Azərbaycan Uşaq Qaynar Xətt”i Niderlandın paytaxtı Amsterdamda yerləşən və 100-dən çox uşaq qaynar xətlərini özündə birləşdirən Beynəlxalq Uşaq Qaynar Xəttlər təşkilatının tam hüquqlu üzvüdür. Bu mərkəzin yaradılmasında əsas məqsəd problemlə üzləşmiş hər bir uşağa psixoloji yardım, emosional dəstək, onun üzləşdiyi çətinliklərin və problemlərin həllinə dair məsləhətlər vermək və lazımi köməkliklərin göstərilməsidir.