Azərbaycanda «küçə uşaqları» ilə bağlı beynəlxalq tədqiqat aparılıb
Azərbaycanda uşaq baxımsızlığının aradan qaldırılması üzrə effektiv tədbirlərin görülməsi küçə uşaqları ilə bağlı vəziyyətin mütəmadi təhlilinin aparılmasını tələb edir. APA-nın xəbərinə görə, bu məqsədlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa İttifaqı ilə birgə TAİEX layihəsi çərçivəsində fevralın 5-dən 7-nə kimi Böyük Britaniyadan dəvət olunmuş ekspert Pat Armstronqun iştirakı ilə tədqiqat aparıb.
Tədqiqatda müvafiq dövlət orqanlarının ekspertləri də iştirak edib. Tədqiqatın əsas məqsədi küçə uşaqları ilə bağlı statistik məlumatların toplanması və sığınacaqların fəaliyyəti, baxımsız uşaqların reinteqrasiyası sahəsində fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsidir. Üç günlük tədqiqatlar çərçivəsində AQUPDK-nın əməkdaşları və avropalı ekspertin iştirakı ilə nazirliklərdə görüşlər və müzakirələr aparılıb.
Qeyd edək ki, Pat Armstronq Şimalı İrlandiyanın Qərb Sağlamlıq və Sosial Qayğı Xidmətlərinin nəzdində fəaliyyət göstərən Ailələrə Dəstək, Övladlığa Götürmə və Himayədarlıq Xidmətlərinin rəhbəridir.