“Susdu bülbülümüz”
Dekabrın 15-də Azərbaycanın ilk qadın-bəstəkarı Ağabacı Rzayevanın anadan olmasından 100 il ötür
Bu gün dahi Üzeyir bəy Hacıbəylinin tələbəsi, həm Azərbaycan, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkar, əməkdar incəsənət xadimi, ictimai xadim Ağabacı xanım Rzayevanın anadan olmasından 100 il ötür. O, bu gün “Evimizə gəlin gəlir”, “Toy mahnısı”, “Barmağıma üzük tax”, “Çoban Qara”, “Muğan qızı”, “Neftçi Qurban”, o cümlədən 300-dən artıq mahnı, romans, xor əsərləri və instrumental janrda yazdığı musiqilərdə yaşayır.
Ağabacı xanım Rzayeva 1912-ci il dekabr ayının 15-də Bakı şəhərində ziyalı bir ailədə anadan olmuş, musiqinin sədaları altında böyüyüb başa çatmışdır. Tar, saz, qaval, qoşa nağara, qarmon, qrammafonun səsi gələn bu evin böyüyü Ağabacının babası Mirzə Fərəc dövrünün məhşur tarzəni olmuşdur. Ailələrində dörd bacı olan Ağabacıgilin musiqiyə dərin məhəbbət olmasına rağmən aralarında təkcə o, professional musiqi ilə məşğul olmağa başladı. 1927-ci ildə Ağabacı Pedaqoji Texnikuma daxil olur və o vaxtlar Bakıda fəaliyyət göstərən Əbilov adına klubda gənc tarzən Səid Rüstəmovun dərnəyində tar çalmağı öyrənirdi. Texnikumu bitirəndə Ağabacı Rzayevanın 17 yaşı var idi. Əvvəlcə onu Saray kənd məktəbinə, bir il sonra Kürdəxanı kənd məktəbinə, üç il kənd məktəblərində işlədikdən sonra isə yaxşı müəllimlik qabiliyyətinə görə Bakının 44 saylı məktəbinə dərs deməyə göndərirlər. Ailənin yaxın dostu olan Üzeyir Hacıbəylinin İsmayıl kişinin qızlarının musiqiyə həvəsi olduğunu bildiyindən onlara qulaq asmaq istədiyini bildirir. Ataları qızlarının yanına salıb bir gün Üzeyir Hacıbəylinin evinə gəlir. Ağabacı tarda Üzeyir bəy üçün “Kürd Şahnaz” muğamını çalır. Ruqiyyə bacısı isə atasının müşayiəti ilə “Şahnaz” muğamını oxuyur. Üzeyir bəy qızları dinlədikdən sonra çox məmnun qalır və onları musiqi məktəbinə götürərək deyir: “Qoy özümüzünkilər çalsın ki, özgələri də onlara baxıb həvəsə gəlsinlər. Yoxsa məktəbə qızlar gəlmir.” Musiqi Texnikumu, sonra isə Konservatoriya onun həyat prioritetlərini müəyyən edir və Ağabacı Rzayeva bütün ömrünü peşəkar musiqiyə həsr edir.
Xatırladaq ki, dekabrın 10-da Rəşid Behbudov adına Mahnı Teatrında bəstəkarın yubiley gecəsi keçirildi. Azərbaycan Bəstəkarlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin təşkilat dəstəyi və Azərbaycan incəsənət xadimləri, ictimaiyyət və kütəvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi tədbirdə mərhum bəstəkarın “Sənin xatirən” və “Oxuma gözəl” romansları, instrumental əsərləri, “Kukla”, “Qərənfiləm mən” uşaq mahnıları, “Ey pəri”, “Telli sazım”, “Evimizə gəlin gəlir”, “Kəklik”, “Şuşanın yolları” və digər musiqi əsərləri tanınmış müğənnilərin ifasında səsləndirildi.