Xanımana Əlibəyli
XANIMANA ƏLİBƏYLİ
(1920-2007)
Xanımana Sabir qızı Əlibəyli 1920-ci il aprelin 20-də Bakı şəhərinin Keşlə kəndində mədəni ənənələrə malik zadəgan ailəsində dünyaya göz açmışdır. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olmuşlar. Bədii istedadı olan Xanımana nənə hərdən şeir də yazarmış. Şairimizin atası Sabir bəy Əlibəyov Sankt-Peterburq universitetini bitirmişdi və ölkəmizin xaricdə ixtisaslaşmış ilk ali təhsilli peşəkar hüquqşünaslarından biri kimi tanınırdı. Xanımana dörd qızın və üç oğlanın böyüdüyü bu ailənin ilk uşağı idi və təbii ki, valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olurdular. Gənc şair Bakıdakı 13 nömrəli orta məktəbdə təhsil almış, həmişə yaxşı oxumuş, müəllimlərinin sevimlisi olmuşdur.
16 yaşında ikən Xanımana Bakıda Tibb İnstitutuna daxil olmuş, 1942-ci ildə institutu uğurla başa vurmuşdur. Tezliklə Xanımana ikinci ali təhsil almaq üçün ADU-nun filologiya fakültəsinə qəbul imtahanları vermiş, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.
Xanımananın ilk şeirləri 1938-ci ildən dövri mətbuatda dərc olunmağa başlamış, "Balaca həkim" adlı birinci kitabı isə 1955-ci ildə Uşaqgəncnəşr tərəfindən çap olunmuşdur. Xanımana Əlibəyli uşaqlar üçün yazılmış yüzlərlə şeirin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. Xanımananın əsərləri uşaqlarda vətənə məhəbbət, insan əməyinə və istedadına ehtiram, təbiət gözəlliklərinə vurğunluq, ataya, anaya, müəllimə, ümumiyyətlə, böyüklərə hörmət, özündən kiçiklərə şəfqət, mehribanlıq, dostluqda dəyanət, kamil insan üçün yabançı olub onun şəninə, ləyaqətinə kəsir gətirən eybəcər hallara nifrət kimi çox gərəkli duyğular aşılayır, şair bütün bunları öz kiçik sevimlilərinin qavrayış tərzinə uyğun əlvan bədii təsvir və ifadə vasitələri ilə təqdim edirdi
O, "Aman ovçu", "Ağ çəmən", "Ulduzların qucağında", "Bir yay səhəri", "Çoxbilmiş çəpişlər", "Məni günəşə at!", "Meşə həkimi", "Sevimli şəhid babam" və digər qiymətli poemaların müəllifidir. "Dovşanın ad günü" Xanımananın ən populyar poemalarından biridir. Xanımana bu poemada heyvanlar və quşlar aləminin ən tipik təmsilçilərini çəpişi, quzunu, xoruzu, tülkünü, kirpini, meymunu, qazı, durnanı, iti bir məclisdə təsvir edir. Özü də onların təqdimi üçün hər bir obrazın səciyyəvi əlamət və cizgilərini əks etdirən özəlliklər tapır və uğurlu şeir parçaları əsasında təqdim edir.
Xanımana ömrünün ixtiyar çağında 7 may 2007-ci ildə dünyasını dəyişmiş, Bakı şəhərində dəfn edilmişdir.
GÜNƏŞ OLARAM
Qışda şaxtada, buzda Günəş çimir hovuzda. Bərk istisində yayın, Çimir suyunda çayın. Odur ki, par-par yanır, Hər tərəf işıqlanır. Qoy gətirim ləyəni, Su tök yuyundur məni. Ay ana, böyüyəndə Günəş olaram mən də.
|
İNCİ
Bir körpə gülümsədi, Elə bil nəsə dedi. Anasına Sənubər Bildirdi sevincini, Göstərdi səhər-səhər Ağzındakı incini. Ana dedi: – Şad xəbər! Qızımın çıxar dişi! O bizimlə bərabər Yeyəcəkdir bişmişi.
|
YOL
Yollar dünyada çoxdur, Sayı-hesabı yoxdur. Bostan yolu, dağ yolu…
Bir yol var ki, dünyada Onu getmirsən hədər. Həmişə düşür yada, – Qoca olana qədər. Bax, uşaqla doludur, – O, məktəbin yoludur.
|
TAPMACALAR
Nə əli var, nə ayağı, Kimdir gəzir bu otağı? Mürəkkəbi töküb mizə, Görünməyir dəcəl gözə. Saçlarımı tutub yoldu, Heç bilmədim necə oldu? (Külək)
Rəngbərəngdir – çələng deyil, Zolaqlıdır – pələng deyil. Göylər geyər mavi donu – Öz belinə dolar onu. (Göy qurşağı)
Hoppandı navalçaya, Axdı, tuta, alçaya. (Yağış)
O, ürəkdə bəslənir, Nəğmə kimi səslənir; Quştək qonur kağıza, Düşür dilə, ağıza. (Şeir)
Günəş kimi girdədir, Göydə deyir, yerdədir. Rəngi qızılı-sarı, Baxır günəşə sarı. (Günəbaxan)
Saqqalı al rəng olur, Tükləri qəşəng olur. Oxuyur neçə dəfə, Səs düşür hər tərəfə. Əlbəttə, artist deyil, Ancaq səsi pis deyil. (Xoruz)
|
TAPMACALAR
O, ağacda yaşayır, Qozla fındıq daşıyır. Qoy qonaq gəlsin hər qış Ona dostu, yoldaşı. Bilir hara nə yığmış – Çox yaxşıdır yaddaşı. (Dələ)
O görmür səhər çağı, Çox itidir caynağı. Gecələr qırıb-çatır, Gündüzlər düşüb yatır. (Bayquş)
O, hansı canlıdır heç səsi yoxdur, Quruya çıxmağa həvəsi yoxdur. (Balıq)
Bostanda şar kimidir, Ağappaq qar kimidir. Üst-üstə geyib donu – Soyuq kəsməsin onu. (Kələm)
Öz evciyini almış Gecə-gündüz dalına; İstəyir yağsın yağış – Kar etməyir halına. (İlbiz)
Başında var budağı, Gəzir meşəni, dağı. (Maral)
O çayın üstə yatır, Nə islanır, nə batır. (Körpü)
|
O MƏNİ TƏRİFLƏSİN
Gülərdən aram-aram Xahiş elədi Səlim: – Otağı bulamaram, Olar içəri gəlim? Dedi bacısı Mələk: – Olar otağa gələk? – Silmişəm döşəməni, Çöldən edin tamaşa. Hirsləndirməyin məni, Keçin aşağı başa. Çölü gəzib çəkməniz, Altında toz-moz olar. Girsəz evə, düşər iz, Döşəmə bomboz olar. Anam tarladan gələr, Təmiz evdə dincələr. Qoy o məni hər kəsin Yanında tərifləsin.
ƏKS-SƏDA
Mən onu səsləyərək, Meşədə gəzirəm tək. Əks-səda danışır, Lap tutur məni gülmək. Çağırdım: – Tez gəl bura, Meşə boyanıb nura. Çığırdı: Ura! Ura! Mən dedim əks-sədaya: – Sonra gedərik çaya. O dedi: – Aya! Aya! Meşədə xeyli müddət Etdik onunla söhbət. Əks-səda mənimlə Aya uçacaq, əlbət.
|
QARANQUŞUN SEVINCİ
Qaranquş yuva salır Küncündə bizim damın; Hərdən sanki ney çalır, Xoşu gəlir adamın.
Qaranquş öz evinə Lələk, palçıq daşıyır, О sevinə-sevinə Bu dünyada yaşayır.
|
DƏNİZIM XƏZƏR
Xəzər evimizlə durur üzbəüz, Sulara baxıram mən gecə-gündüz. Günəş yuxusundan ertədən durur, Xəzər dənizinə çox bəzək vurur.
Səhərlər girəndə al-əlvan dona, Sevinclə dayanıb, baxıram ona. Gecələr edirəm ona tamaşa, Biz onunla yuxulayırıq baş-başa.
|
LALƏ
Mən yurdumun qızıyam Yanağı qırmızıyam. Çəmənləri bəzərəm, Dildən-dilə gəzərəm.
Yurdumda sərin külək Əsəndə axşam çağı, Mən başımı əyərək, Öpürəm bu torpağı.
|
MƏNİM BEŞ QARDAŞIM VAR
Çox sevirəm Ramizi, O hər bir işdə başdır. Sirkə apardı bizi, Axı böyük qardaşdır. Sovxoz bağına birbaş Gedir Aydınla, Tağı, Bağbandır iki qardaş, Onlar becərir bağı. Odun qırır hər səhər Kiçik qardaşım Qara. Arpa səpir Elsevər Fermada toyuqlara. Becərdim gül ləkini, Mən də çox iş bilirəm. İstəkan, nəlbəkini Təmiz yuyub silirəm. Beş əziz qardaşım var, İşləyirik hamımız. Mənim altı yaşım var, Evdə bircə mənəm qız.
|
MƏNƏ NƏ
– A Gəray, bizim camış Bu gecə balaladı, Heç ayağa durmamış, Balasını yaladı. – Mənə nə! Dağlara yağdı dolu, Sel basdı, bağda yolu. Batdı orda əkdiyim Neçə çiyələk kolu. – Mənə nə! Səhər keçirdim çayı. Tullandı bir şahmayı. Zənbilə qoyub dedim: «Bu da nənəmin payı». – Mənə nə! Susuzdu qoyun-quzu, Tökdüm arxın yanına. Gördüm bir çöl donuzu Soxulub bostanına. Başını tutdu Gəray, Qaçaraq dedi: – Haray!
|
GÖZƏL PİRŞAĞI
Odur, bax gəlib maşın, Uşaqlar, hazırlaşın! Gözləyir səhər çağı Sizi gözəl Pirşağı. Bağçanız köçür bağa. Dovşan! Çanaqlı bağa! Orda da var yuvanız. Qoy dəyişsin havanız. Bil ki, bağa gedir, Sarı bülbül oxudu Maşina yığdı Nadir Bəslədiyi noxudu. Gördü hamıdan qabaq Oturub xallı pişik, Ətrafına oyuncaq Yığılıb yeşik-yeşik... Odur, onlar çatdılar Bağda qum təpəsinə. Səslərini qatdılar Ləpələrin səsinə.
|
AMAN, OVÇU
- Aman, ovçu, vurma məni, Mən sevirəm bu çəməni. Yaşıl atlas budaqları, Zümrüd rəngli bulaqları.
Bax o dağa, bax o daşa, Mənə deyir: - Ölmə, yaşa! Dəymə mənə, qalım burda, Həsrət qoyma doğma yurda!
|
ŞAXTA ВABA
Gəl bu xoşbəxt elimizi, Təbrik elə, bir-birimizi, Təzə gələn ilimizi Şaxta baba, şaxta baba
Saçların ağ, saqqalın ağ, Hansı evə getsən qonaq, Hörmət edər hər bir uşaq Şaxta baba, şaxta baba.
|
QARDAŞIMIN KÖYNƏYİ
Anam dedi: - Ütü çək Namiqin köynəyinə. Ütülənəndə köynək, Çox yaraşır əyninə.
Qardaşım çox sevindi Baxaraq köynəyinə, Geyinib, gedir indi O, foto dərnəyinə.
|
QONAQ GƏLİN
Dünən rast gəldik ilbizə, Qonaq gəlin dedi bizə. Gəlib gördük özü yoxdur, Bir məktub qoyub dəhlizə: "Sizə çox hörmətim vardır, Bağışlaym, yerim dardır." Ona belə cavab yazdıq: "Yalançılıq bir azardır, Təki geniş olsun ürək, Çıx bayıra, səni görək!"
|
YAĞIŞ YAĞIR
Hələ səhər açılmamış Şırıltıyla yağır yağış. Göylər buludları sağır, Yağış yağır, yağış yağır. O çəp yağış yağa-yağa, Bir sərinlik düşər bağa. Sərv ağacı, söyüd və şam Hey yuyunar səhər-axşam. Yorulmadan təbil çalar, Uzun-uzun navalçalar.
|
QIZIL ŞAR
Gün çıxdı qıpqırmızı, Qızıl don geydi Xızı. Alışdı göydə par-par, O yupyumru qızıl şar. Şüşəbəndə düşdü zər. Yuxudan-durdu Azər. Yoxladı sağ-solunu, Tez qaldırdı qolunu Birbaş günəşə sarı, İstədi tutsun şarı.
|
ÜRƏYİMƏ YATMAYIR
– Kirpi, nə çox iynən var, Bədəninə batmayır? – İynəsiz oldu paltar, Ürəyimə yatmayır.
|
YAXŞI ADAM
Bir yaxşı adamdı həkim, Həkimdən qorxmasın heç kim, Xəstəliyi qoymur yaxın, Siz onun sözünə baxın.
|
KƏLBƏTİN
Fərhad, sənə sözüm var, Danışan kəlbətindir. Hər yerə vurma mismar, Çıxarmaq çox çətindir.
|
ULAQ VƏ İNƏK
Uzandıqca qulağı, Dərd alırdı ulağı; Ona söylədi inək: – Gəl sən ağıl dərdi çək!
|
ÖRDƏK DEDİ
Suda desən üzərəm, Havada da süzərəm. Yeri demə amandır, Yerişim çox yamandır…
|
KARTOF DEYİR
Nə almayam, nə qozam, Yerdən çıxdım, bombozam. Bişir, qataraq ətə, Bax, məndəki ləzzətə.
|
GÜNƏŞİM
Anam qəşəng geyindi. Ağ idi onun donu. Nənəm baxıb sevindi, «Maral» çağırdı onu.
Yox, qoy anama baxıb, Gözəl ad fikirləşim. Yaxasına gül taxıb, Ona deyim «Günəşim!»
|
DUR! DUR!
Kənddəki nənəsinə Qonaq gəldi Elsevər. Dedi: – Kimin səsinə Mən oyandım bu səhər?
Ay nənə, o nə səsdir Bağçadan gəldi qur-qur? – Çox yatdın, daha bəsdir… Qurbağa dedi: – Dur! Dur!
|
QARĞA
O palıddan şamacan Yüz dəfə uçub azı. «Qarr!» deyir axşamacan, Heç ağrımır boğazı. «Qarr… qarr… qarr!» Əlbət deyir: «Yağsın qar», Çoxlu qar düşsün bağa. Qarğanın da xoşu var Qartopu oynamağa.
|
TEZ DUR, TEZ YAT
Tez durub, tez yatırsan, Boya-başa çatarsan. Dostu olsan idmanın, Salamat olar canın. Dərs vıaxtı tutmaz əsnək, Vaxtında yesən yemək. Sevsən təmiz havanı, Unudarsan dərmanı, Kim sevərsə zəhməti, Olar gücü, qüvvəti.
|
BİR ŞAFTALI
Əlimə fırça alıb, Çəkmişəm bir şaftalı. Şirinlikdən az qalıb Yerə tökülsün balı. Elə meyvədir ki, bil Əgər kim onu dada Nə az, nə çox, düz yüz il Yaşayar bu dünyada. Yoxsa elə bildin sən Bağdakının tayıdır? Bax, ona dəyməyəsən O, atamın payıdır.
|
YALANÇI XƏSTƏ
Müəllim dedi: – Sərdar, Gəl keçən dərsi danış. – Başımda bərk ağrı var, Naxoş olmuşam bu qış. Müəllim dedi: – Dayan, «Qaçdı-tutdu» oynayan Sən deyildin bayaqdan? Oynamaq sənə xoşdur? – Mən qıvrağam ayaqdan, Mənim başım naxoşdur.
|
XƏRÇƏNG VƏ BALIQ
Xərçəng dedi balığa: – Nə girmişik bu lığa, O gözəl sahil bizim… Sudan çıxaq, əzizim! Balıq gəlmişdi təngə, Baxıb, dedi xərçəngə: – Yox, məni tutma dilə, Get, özün çıx sahilə.
Səsini yavaşladı, Xərçəng yenə başladı: – Oynayarıq o qəşəng, Sahildə gəzə-gəzə. Balıq dedi: – A xərçəng, Anam vermir icazə.
|
MƏNİ GÜNƏŞƏ AT
Səhər çağı qəfildən Bağırtı qopdu fildən: – Qulağımda var nəsə, Qulağımda var nəsə!
Bir sərçə gəldi səsə, Baxıb: – Milçəkdir, – dedi, Tutub milçəyi yedi. Fil olan kimi rahat, Dedi: – İndi mükafat, Bəs, mən nə verim sənə? Sərçə dedi ki, – heç nə, Nə çətinlik var bunda; Belə işləri unut! Arzum var xortumunda, Məni günəşə at, tut.
|
BİR OĞLAN VAR
Bir oğlan var Muğanda, – Tanıyırsız Elcanı?.. Hər səhər gün doğanda, Biçir çöldə yoncanı.
Tövlədə ana camış, Ona dikib gözünü. Yuxudan oyanmamış, O yetirir özünü.
Ləklərinə su çəkdi, Əkdi turpu, xiyarı. Yollarda çinar əkdi, Gözəl olsun diyarı.
|
HACILEYLƏK ƏFSANƏSİ
Tülkünün düşür gözü Bulaqda bir leyləyə. Daha ötməyir sözü, Qalır axı neyləyə?.. Ayağına daş vurur Su içində bulaqdan. Bir ayaq üstə durur Hacıleylək o çağdan.
|
ANA VƏ BALA
Qucağında Elxana Belə söyləyir ana: – Buludlar ala-ala, Sənə baxırlar, bala. O çinar kimi böyü, Gəzib, seyr elə göyü. Baş vur dumana, çənə, Yerdən baxarıq sənə. Qoy şad olsun bu kəndim, Mənim şəkərim, qəndim. |
HƏSƏN ÇOX GÜLPƏRƏSTDİR
Həsən çox gülpərəstdir, Hər cibində gül tumu. Bir deyən yoxdur, bəsdir, Toplamısan toxumu! Elə ki, oldu bir il, Gül toxumu açdı dil, Dedi: – Bizi, görəsən, Haçan əkəcək Həsən?
|
ÇOXBİLMİŞ ÇƏPİŞLƏR
Üç çəpiş bəzənib verdi qol-qola, Sevinclə düşdülər bir səhər yola. Onlar yol boyunca nəğmə oxudu, Hara gəldi özlərini toxudu. Rast gəlib canavar soruşdu: – Hara? Çəpişlərdən biri dedi: – Bazara. Canavar dilləndi çatanda tinə, Ardı…
|
ULDUZLARIN QUCAĞINDA
Hörmətli rejissor Ulduz xanıma Körpələr bərk yatanda, Gül yastığa batanda, Nənəni Elxan bala Tutdu sorğu-suala: – Ay niyə yatmır nənə? O elə baxır mənə. Ardı…
|
İSA VƏ MUSA
Keçmişdə bir nənənin Bir inəyi var idi. O inək göy çəmənin Üstündə otlar idi. Onun ceyran gözünü Dəyişməzdi heç nəyə. Ürəyinin sözünü Söyləyərdi inəyə. Ardı...
|
PAMBIQÇI GÜNƏŞ
Geniş Muğan düzündə Günəş düşdü tarlaya. Parladı yer üzündə Ağ pambıq taya-taya. O, nə gəzməyə dağa, Nə də ki, çaya düşdü. Səhər pambıq yığmağa, Günəş tarlaya düşdü. Oxşadı narın-narın, Pambığın tellərini. O, isitdi qızların, Yorulmaz əllərini.
|
NELLİ
Mənim kuklam Nellidir, Qara, qıvrım tellidir. Bircə dişləri ağdır, Onun evi uzaqdır. Mənim kuklam zəncidir, Ağ dişləri incidir. Qapqara üzü vardır, Vətəni Zənzibardır. Mənim kuklam qəşəngdir, Gözləri qara rəngdir. Əynində var ağ donu, Özüm tikmişəm onu.
|
QARIŞQA
Bir qarışqa dikdiri Dırmaşırdı hər zaman. Xortumunda da iri Özündən ağır saman. Bir səhər ağcaqanad Ona dedi: – Yükü at! Şələn zindandan ağır, Yorulmusan, a fağır! Qarışqa təngənəfəs Belə dedi barıda: – Gərək işini heç kəs Tullamasın yarıda!
|
TAR
Bir axşam qışda, qarda, Qardaşım çaldı tarda. Yığışdıq xoş avaza, Qışımız döndü yaza. Sarı simlər elə bil, Bülbül kimi açdı dil.
|
QARDAŞIM ÇALDI TARDA
Qardaşım qışda – qarda, Bir segah çaldı tarda. Yığışdıq xoş avaza, Qışımız döndü yaza. Tarın teli elə bil, Bülbül kimi açdı dil.
|
MEŞƏLƏRİN SƏSİ
Ağacların öz səsi var, Pəstdən və zil nəğməsi var, Pəstən nəğmə gözəl olur, Hərdən gecə külək dolur Meşə adlı o mənzilə, Nəğmələri qalxır zilə.
|
XƏZƏRƏM
Xəzərəm ay, Xəzərəm, Mən Bakını bəzərəm. Üzümlü bağlarını Sahil boyu gəzərəm. Körpünü bol saldılar, Sinəmə yol saldılar, Çinar-çinar buruqlar. Boynuma qol saldılar.
|
KÖRPƏ ÇİNAR
Atam bizə keçən il Gətirdi iki şitil. Qardaşım əkdi narı. Mən əkdim bu çinarı. Körpə çinar yaz çağı Nə çox düymə bağladı!? Rişə atıb torpağı Dörd əlli qucaqladı.
|
ROL BÖLƏNDƏ
Müəllimə rol böləndə, Mənə düşdü keçi rolu. Bu gün keçi kimi mən də, Mələmişəm bütün yolu. Yolda dedim: – Keçi mənəm! Evdə gəzdim dizin-dizin. Baxıb dedi mənə nənəm: – Biri artdı keçimizin.
|
TÜLKÜ VƏ TOYUQ
Torba atıb çiyninə, Tülkü yanaşdı hinə. Toyuq dəydi gözünə, O dedi öz-özünə: «Ağ toyuğu mən necə Oğurlayım bu gecə?» Ardı...
|
DEYƏ BİLMƏDİ
Ayı balası getdi, Səhər meyvə bağına. Uzaqdan hücum etdi O, armud budağına. Hansı dəydi gözünə, Onu budaqda yedi. Ardı... |
BİR GÖLÜN SAHİLİNDƏ
Bir səhərçağı Leylək Şap-şup, şap-şup edərək Düz getdi Durnagilə Sevinib gəldi dilə: – Ah!.. Xoş ətri gəlir çölün Ardı... |
LƏPƏLƏRİN NAĞILI
Batır günəş, qaralır qaş, Abşerona düşür sərin. Eşidilir yavaş-yavaş Bu nağılı ləpələrin Ş-ş, ş-ş, ş-ş, ş-ş: – Biri varmış, biri yoxmuş, Bir qağayı adlı ağ quş,
|
AXI, HARDAN BİLİM MƏN
Danışmayır İsrafil Məktəbdə səhərçağı. Acıqlıdır elə bil, Tökülüb qaş-qabağı. Gah görürsən gözünü O, bir nöqtəyə dikir, Gah qaçırır özünü, Ardı... |
NOĞUL
Noğul almışdı nənə, Şipşirin, dənə-dənə; Bağlayaraq boğçaya, Qoymuşdu sandıqçaya. Nəvəsinə dedi: – Sən Açmayasan sandığı. Xortdan çıxar içindən, Ardı... |
YUXUDA
İşıq düşəndə evə, Gözünü açdı nəvə, Soruşdu ondan nənə: - Yuxunda nə gördün, nə? - Qaranlıq idi, nənə, Heç nə görmədim, heç nə!
ÖYRƏNDİM ƏLİFBANI
Biz bitirmişik dünən Məktəbdə əlifbanı. İndi öyrədirəm mən Öz bacım Mehribanı Siz bizə qalın-qalın, Yeni kitablar alın.
|
DAYAN, YAY!
– Nə tez köçünü tutdun, Nə tez bizi unutdun? Gözlərində gur işıq, Biz səndən doymamışıq. Hanı o xoş çağların?.. Yanında uşaqların Çimərdin çayda, göldə, Gəzərdin düzdə, çöldə. Toplayardıq çiçək, gül, Qal bizimlə sevin, gül! – Uşaqlar, darıxmayın! Bitdi fəsili yayın. Hər vaxtın var bir sonu. Əynində qızıl donu Ardımca şən qız gəlir, Bir gözəl payız gəlir. |
BAL ARISI
Altında əlvan çiçək, Bu dayanan arıdır. Yetirdiyi balıtək Bədəni sapsarıdır. Elə bil gündə yanıb, Üzü olub qəhvəyi. Necə tezdən oyanıb, Sevir çox işləməyi. Gəl işləyək bərabər, Ay arı, həvəsim var Bağda zəhmət çəkməyə, Qızıl güllər əkməyə. Birdən daşıdığın yük Olsa daş kimi ağır, – Gümüş qanadını bük, Məni köməyə çağır. |