Поиск


Партнеры

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« Ноябрь 2024 »
Пн Вт Ср Чт Пт Сб Вс
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Полезные ссылки

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Пятница, 03 Апрель 2015 00:34

Sevinc Nuruqızı

Sevinc-NuriqiziSevinc Nuruqızı 1964-cü il avqustun 22-də Bakı şəhərində anadan olub. 2000-ci ildən uşaq ədəbiyyatına gələn Sevinc Nuruqızı "Çərpələng", “Sarı qız, Dız və Vız”, "İpəkcənin macəraları", “Ciya ilə iki gün”, "Ağca və Cuppulu", "Bapbalaca əlifba", “Paltar dolabında gizlənqaç”, “Qəribə kəndin nağılı”, “Bozqulaq və fəsillər”, ”Muradın yuxusu”, “Aysu və Ay”, “Tap-tapmaca”, “Xortumlu dağ”  və s. uşaq kitablarının müəllifidir. Bu kitablardan əksəriyyəti həm də rus və ingilis dillərində nəşr edilib.  

Dünya uşaq ədəbiyyatından tərcümə etdiyi "Üç tenqu və porsuq", "İssumbosi", “Günəşdən gələn pay”, ”Nağıla bax, nağıla”, “Sarı ağacdələn ordeni”, “Günəşdən gələn pay” və s. kitablar balaca oxuculara gözəl hədiyyədir. Uzun müddət  İctimai Radionun efirində həftənin beş günü canlı yayımlanan "Çoxbilmiş" adlı uşaq verilişinin redaktoru və aparıcısı olub. "Qisas" adlı pyesi Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrının, "Gəlinciklər" adlı tamaşası Salyan Dövlət Kukla Teatrının səhnəsində tamaşaya qoyulub. Bəstəkar Oqtay Rəcəbov Sevinc Nuruqızının librettosu əsasında “Dınqır sazım” adlı uşaq operasını yazıb.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, ən yaxşı uşaq əsərinə görə 2002-ci il Tofiq Mahmud adına mükafatın laureatıdır.

Hazırda "Təhsil" Nəşriyyat poliqrafiya müəssisəsində böyük redaktor kimi fəaliyyət göstərir və uşaqlar üçün bir-birindən maraqlı əsərlər yazmaqda davam edir.

  

Cücələr

 

Yumurtadan onu da,

Çıxıbdır bir gecədə.

Cücələr bir-birinə,

Bənzəyirlər necə də. 

 

Nə xoruzu bilinir,

Nə də hələ fərəsi.

Anasına töhfədir,

Cücələrin hərəsi.

 

Çil toyuq qoyub «cücə»,

Hamısının adını.

Altına yığmaq üçün

Açıbdır qanadını.

 

Aşsüzən

 

Gözü bilmirəm qırxdır

Əllidir, yoxsa ki, yüz.

Hövsələm çatmayıbdır

Sayım onu düppədüz.

 

Onu bilirəm, bütün

Altı deşik-deşikdir.

Nənəm aşı süzəndə

Düyülərə beşıkdir.

 

Yəqin içinizdə var

Onun adını sezən.

Soruşsam, deyəcəkdir

Aşsüzəndir, aşsüzən.

 

Əlcək

 

Beş bacı beş otaqlı

Bir mənzildə yaşayır.

Beş bacı bir mənzili

Ora-bura daşıyır.

 

Bu mənzildə hərənin

Balaca otağı var.

Hər otaqda hərənin

Tərtəmiz yatağı var.

 

 

  

 

 

 

Böcəklərin  yelləncəyi 

 

Küləkdə çiçəklərin

Qoynu olur yelləncək.

Hər çiçəkdə yellənir,

Bir kəpənək, bir böcək.

 

Ətirli yelləncəyin

Altı yaşıl xalıdır.

Böcəklər çiçəklərin

Yanağının xalıdır.

 

Bax lalənin içində

Oturub sarı böcək.

Qorxmur, çünki yıxılsa,

O, çəmənə düşəcək.

21.09.2001

 

Çobanyastığı

 

Cəməndə düşüb qalıb

Bax, çobanın yastığı.

Bağ altına qoyduğu,

Zinəzinə qısdığı.

 

Astarı sarı məxmər,

Ağ atlasdan üzü var.

Çobanın yastığında

Çəmənlərin gözü var.

 

Ağ çobanyastıqları

Çəmənlərə don biçər.

Ona görə çobanın

Yolu çəməndən keçər.

10.09.2001

 

Bacısı danışacaq

 

Fəxriyyə nə eləsə,

Deyir: - Elədi bacı.

Bilirsiz, Fəxriyyənin,

Yoxdu başqa əlacı.

 

Axı çox yaramazdır,

Hər işdə işi vardır.

Dağıdıb tökmək kimi,

Pis bir vərdişi vardır.

 

Deyin, bu nadincliyin,

Sonu necə olacaq?

Axı körpə bacısı,

Bir azdan danışacaq.

 

 

Bulud

 

Səmada asta-asta

Bir bulud süzdü keçdi.

Hönkürmək istəyirdi,

Üzünü büzdü keçdi. 

 

Gülümsəyən günəşin

Önünü kəsdi bulud.

Tural dedi, ”Şıltaqlıq

Eləmə, bəsdi, bulud!

 

Qoy günəş parıldasın.

Aləmə saçsın işıq.

Səndə yoxdur onuntək

Gülümsər üz, yaraşıq.”

 

Qapqara gözlərilə

Turala baxdı bulud.

Ağlamağa başladı,

Özündən çıxdı bulud.

17.03.2001

 

 Dara düşəndə Vətən

 

Kim arxa ola bilər

 Dara düşəndə Vətən?

 Yarasına su səpər

Odda bişəndə Vətən?

 

Elə bil ki, uçuşdu 

Bir dəstə ağ göyərçin.

Əllər havaya qalxdı

 Əllər düzüldü çin-çin.

 

Oğlanlar da, qızlar da

Bir ağızdan “Mən”, - dedi,

“Hünəri var irəli

Yerisin düşmən”, - dedi.

 

Gözlərimin önündə

Yarandı mətin ordu.

Əmin oldum, bir yağı

Basa bilməz bu yurdu.

 

 

Çoban aldadan

 

Damcılar düşdü tap-tap,

Düz günəşin içindən.

Uşaqlar çöldən qaçdı,

Biçinçilər biçindən.

 

Quşlar da pırıldayıb,

Dəstəylə uçuşdular.

Hind toyuğu, qaz, ördək,

Tələsik qaçışdılar.

 

Çobanlar sürüsünü,

«Ho-ha» deyib, hayladı.

Bu tələsən damcılar,

Bir sərinlik payladı.

 

Tez nənəmi səslədim:

Ay nənə, yağır yaman,

Dedi: - İndi kəsəcək,

Bu yağışa deyirlər,

Eldə çobanaldadan.

 

Göyün göz yaşları

 

Kim götürüb qamçını

Göyləri qamçıladı?!

Göylərin gözlərindən

Göz yaşı damcıladı.

 

Hər çiçək bir damcını

Alıb çəkdi başına.

Şəkər qatıbdır, nədir

Göy gözünün yaşına?!

 

Almanın yanağından

Gilələndi, sürüşdü.

Armudun sinəsinə

Göydən bir inci düşdü

 

Hopdu yerin hər qarış

Torpağına daşına.

Göy ağladı, yer güldü

Aglayan qardaşına.

04.09.2001

 

Ağ xoruzun hekayəti

 

Uşaqlar, yaxın durun,

Maraqlı nağılım var.

Yanımda halay qurun,

Nağılsevən balalar.

Bu gün sizə deyəcəm,

Bir şəhərli xoruzdan.

Olanı söyləyəcəm,

Burda yox bircə yalan.

Dağların qucağında,

Vardı yaşıl bir oba,

Yaşayırdı bu yerdə

Qoca nənəylə baba.

Onların çox nəvəsi,

Nəticəsi var idi.

Bir yandaydı hərəsi,

Kənd onlara dar idi.

Bir gün gəldi nənənin

Sevimli nəvələri.

Nənə ağartdı evi,  Ardı...

 

 

Çətirlər

 

Atam çətir alıbdır,

Bacıma da, mənə də.

Axı payız gəlibdir,

Yağış yağır yenə də.

 

Damcılar çətirlərə

Dəyib diyirlənirlər.

Saçımıza düşməkçün

Elə hey hərlənirlər.

 

Sonra küsür damcılar,

Qaçıb çıxırlar göyə,

Daha çətin ki, onlar,

Bir də özünü öyə.

08.10.2001

 

 

 

 

 

 

Çərpələng

 

Ay, Eldar,

Ay, Vüqar,

Ay, İlqar,

Birləşək,

Düzəldək

Çərpələng.

Görəsən,

Üstünə,

Nə çəkək,

Çərpələng

Alınsın

Rəngbərəng?!

-Mən deyim?

-De görək.

-Bir çiçək,

Bir böcək,

Bir də ki,

Kəpənək.

-Onda tez

Tərpənək.

Tez kəsdik

Kağızı

Qatladıq.

Rəngləri

Topladıq.  Ardı...

 

 Pətəyə səyahət

 

Mən balaca arıyam,

Adım da Şirinşəkər.

Sözüm-söhbətim vardır,

Sizə bilsəz nə qədər?!

Uşaqlar, çoxunuzun

Mən olmuşam qonağı.

Uçub gəlmişəm səhər,

Ya da ki, axşamçağı.

Yemişəm ananızın 

Dadlı mürəbbəsini.

Dadmışam baxçanızın

Ətirli meyvəsini.

İnanmıram sizlərdən,

Kimsə olsun pətəkdə.

Amma çoxunuz olar,

Zənnimcə bu istəkdə.

Açacağam evimin

Hər sirrini-sözünü.

Hamı bizim pətəkdə,

Hiss edəcək özünü.

Bizimtək arılara,

Deyirlər, ev arısı.

Bal çəkməklə məşğuldur,

Arıların yarısı.

Pətəyin yaman sərtdir,

Nizamı-intizami. Ardı...

 Yanıltmaclar

          A

Alma ağacı

Almanı alıb

Atdı Almaza.

Acıqlanar çox

Almaz almanı

Ondan almasa.

        B

Birəbitdən

Ay, birəbitdən,

Birədən qorxursan,

Yoxsa ki, bitdən?

—Bitdən, bitdən,

Dedi birəbitdən.

          C

Cırılmışdı

Corab tayı.

Cırığının

Yoxdu sayı.

Cərgə-cərgə

Cığal-cığal

Cəld barmaqlar

Cırıb onu

Keçmişdilər.

Cığallar cəld

Kəsə yolu

Seçmişdilər. Ardı...

 

Прочитано 12869 раз