Вторник, 04 Сентябрь 2012 10:50
SİMİC VƏ TOYUQ
İvan Andreyeviç Krılov
SİMİC VƏ TOYUQ
Tərcümə edəni Mirmehdi Seyidzadə
Simic acgözlükdən çəkir çox zərər.
Vardır bu barədə xeyli təmsillər.
Çox da axtarmayıb tənbəlliyindən
Bu köhnə təmsili söyləyirəm mən.
Uşaqlıq zamanı oxumuşam bax:
Keçmişdə yaşarmış bir simic kişi,
Qızıl dolu imiş sandıqda, ancaq,
Yoxmuş nə sənəti, nə də bir işi.
Çünki onun gözəl toyuğu varmış
Qızıl yumurtalar yumurtlayarmış.
Başqası sevinib deyərdi, əlbət,
Yavaş-yavaş belə qazannam sərvət.
Lakin acgöz olan çox sevir malı,
Başqadır simicin fikri-xəyalı
Bu simic düşünüb söyləyir ki, mən
Toyuğumu kəssəm varlannam, birdən
Çataram bir gündə mala-dövlətə,
Göz yumub günaha, qədir-qiymətə,
Qoyur boğazına toyuğun bıçaq
Boş içalat keçir əlinə, ancaq.
Опубликовано в
İvan Krılov