Четверг, 30 Август 2012 16:23
QUŞLAR
Abbas Səhhət
QUŞLAR
Quşlar, quşlar, a quşlar!
Qaranquşlar, a quşlar!
Cəh-cəh vurun burada,
Gah yerdə, gah yuvada.
Qonun bu tək budağa,
Çox getməyin uzağa.
A quşlarım, getməyin,
Məni qəmgin etməyin!
Quşlar, neçin gedirsiz?
Yoxsa ki, seyr edirsiz?
Quşlar uçdu, əkildi,
Vay, səsləri kəsildi!
Bir səs gəlir uzaqdan,
Men dinlərəm bayaqdan:
Söylə ki, qış yavuqdur,
Sizin yerlər soyuqdur.
Var isticə ölkələr,
Qışda bizə xoş gələr.
Səbr eylə, qoy yaz olsun,
Bir qar, yağış az olsun!
Sovqat gətirər quşlar,
Sizə gözəl mahnılar.
Опубликовано в
Abbas Səhhət