OĞRU VƏ ANASI
Abbas Səhhət
OĞRU VƏ ANASI
Bir məktəbli oğurladı bir vəqti
Yoldaşının kitabını xəlvəti.
Evlərinə gizlin onu gətirdi,
Öz istəkli anasına yetirdi.
Validəsi oğurluğun anladı,
Yavrusunu nə qarğadı, nə danladı.
Öz tutuduğu işdən uşaq xoşlandı,
Bundan sonra oğurluğa dadandı.
Fikr eylədi: «Nə yoğurdum, nə yapdım,
Əcəb işdir, hazırca kökə tapdım».
Kəsb etmədi, cib kəsmək adət etdi,
Quldur oldu, ev kəsdi, qarət etdi.
Oğrulara yar oldu, yoldaş oldu;
Quldurlara, qaçaqlara qoşuldu.
Bir iş üstə axır müqəssir oldu,
Divanbəyi hökm eylədi, tutuldu.
Qanun üzrə mühakimə olundu,
Fərman çıxdı, asılsın, hökm oxundu.
Zavallı ta cəzasını dinlədi,
İzn istədi, bir neçə söz söylədi:
-Ay hakimlər, müqəssirəm, doğrudur,
Həqiqətdə mənim anam oğrudur.
Əvvəl dəfə oğurluğa uyarkən,
Yoldaşımdan kitab oğurlayarkən,
Etsə idi anam məni məzəmmət,
Olmaz idim indi bu növ bədbəxt.
Mənə anam belə olmuş müdəbbir,
İnsaf ilə deyin, kimdir müqəssir?