Emin Sabitoğlu (1937 - 2000)
Bəstəkar Emin Sabitoğlu 1937-ci il noyabrın 2-də Bakıda anadan olub. Musiqi məktəbindən sonra konservatoriyaya daxil olub və iki ildən sonra təhsilini Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirib.
1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb.
O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.
Emin Sabitoğlu 2000-ci il noyabrın 18-də Bakıda vəfat edib.