Yeni il sevincləri
Ç.F.Mustafayev adına 25 saylı Uşaq və Gənclər Yaradıcılıq Mərkəzi ənənəvi olaraq uşaqların istedadlarının üzə çıxarılmasına dair müxtəlif istiqamətli tədbirlər keçirir. Belə tədbirlər vasitəsilə uşaqların istedadları, bilik və bacarıqları nümayiş olunur, dərnək məşğələlərində əldə etdikləri nailiyyətlər üzə çıxır. Tədbirlər uşaqların asudə vaxtlarını səmərəli təşkil etməklə yanaşı, intellektual səviyyələrini, dünyagörüşlərini də yüksəldir. Mütəmadi olaraq belə tədbirlərin keçirilməsi dərnək üzvlərində yüksək əhval-ruhiyyə yaradır, stimullarını artırır.
Dekabrın 27-də Mərkəzin növbəti tədbiri S.Vurğun adına Rus Dram Teatrında təşkil olunmuşdur. Tədbirdə Mərkəzin “Rəqs”,“Vokal”,“ Dram”,“Uşaq xor studiyası”nın üzvləri çıxış etdi. “Yeni il gəlir gülə-gülə, sevinc gətirir bizə” adlı tədbirdə uşaqların yeni il sevincləri təcəssüm olunmuşdur. Tədbir tamaşa üslubunda təşkil olunmuş, rəqslər tamaşanın ümumi məzmununa əsasən qurulmuşdur. Tədbirin əsas ideyası illərin görüşməsi, Dovşan ilinin yeni ilin rəmzi olan Əjdaha ilə qarşılaşması idi. Tamaşa zamanı qışın əsas rəmzi olan Şaxta Babanın köməkliyi ilə Dovşan rəqslərdən qurulmuş müxtəlif bölgələrə səyahət etdi, mahnılar ifa olundu, qışın əsas elementlərini əks etdirən rəqslər nümayiş etdirildi. Tədbirdə ifa olunan “Qar qızları”, “Ələddin”, “Buratino”, “Ördək balaları” rəqsləri nağıl personajları əsasında qurulmuşdur.
Uşaqların dünyagörüşlərinin yüksəldilməsində mühüm rol oynayan yəhudi, Meksika, Latın Amerikası, rus, qaraçı, qazax və s. dünya xalqlarının rəqsləri tamaşaçılar tərəfindən maraqla qarşılandı. Tədbirdə uşaqlarda milli rəqslərimizə və musiqimizə hörmət hisslərini aşılayan “Xan çobanı” , “Arşın mal alan” , “Yallı”, “Nəlbəki” və s. rəqslər də ifa olundu.
Rəqslər öz rəngarəngliyi, ideya müxtəlifliyi, səhnə tərtibatına görə bir-birindən seçilirdi. Tədbir uşaqlar, valideynlər, bir sözlə, həmin gecə Rus Dram Teatrına gələn hər kəsdə yüksək əhval-ruhiyyə yaratdı və xatirələrdə xoş izlər buraxdı.