ÖLMÜŞ ŞAHZADƏ VƏ YEDDİ PEHLEVAN NAGILI
Aleksandr Puşkin
ÖLMÜŞ ŞAHZADƏ VƏ YEDDİ PEHLEVAN NAGILI
(Tərcümə edəni Mirmehdi Seyidzadə)
Çariçayla görüşdü,
Çar qalxıb yola düşdü.
Tək qalıb otağında
Pəncərə qabağında
Oturub xanım sultan,
Göz çəkmədi yollardan.
Gecələri, gündüzü
Süzdü çölləri, düzü.
Gözləri yolda qaldı,
Çovğun qapını aldı,
Gəlmədi vəfalı yar,
Yerləri ağartdı qar.
Keçdi doqquz ay yenə,
Baxdı çölə-çəmənə,
Göz çəkmədi yollardan,
Bir gecə xanım sultan
Ağrı çəkdi, qız doğdu,
Gün qaranlığı boğdu.
Uzun yollar aşaraq
Sevimli, əziz qonaq,
Həsrəti çəkilən yar,
Gözlənilən ata çar
Gəldi çıxdı yerinə,
Xanım baxdı ərinə,
Dərin bir nəfəs aldı,
Yerində donub qaldı,
Dua oxunan zaman
Fərəhindən verdi can.
Matəm tutdu hökmdar,
İşrətdən qaldı kənar,
Düz bir il subay gəzdi.
Subaylıq onu əzdi.
Bir qız aldı ağbədən,
İnsanı əsir edən;
Vardı ağlı, kamalı,
Uca boyu, camalı,
Lakin qısqancdı, məğrur,
Göstərib daim qürur,
Az deyib, az gülürdü,
Əzilib büzülürdü.
Cehiz olaraq ona
Verilmişdi bir ayna.
Aynada bir hal vardı,
Gülərdi, danışardı.
Xanım aynanı sevir,
Onunla gün keçirir.
Danışırdı mehriban,
Soruşurdu: - "Aynacan!
Söylə, ən dilbər gözəl,
Bədəni mərmər gözəl,
Al yanaqlı, mehriban,
Sevimli incə canan
Mənəmmi, söylə, söylə?"
Ayna gələrək dilə Deyirdi: -
"Xanım sultan!
Al yanaqlı, mehriban,
Hamıdan dilbər, gözəl,
Bədəni mərmər, gözəl
Sənsən!"
Xanım gülürdü,
Əzilib büzülürdü.
Naz ilə göz vururdu,
Məğrur-məğrur dururdu,
Xoş xəyala dalırdı,
Bəzən çəpik çalırdı.
Gənc şahzadə qız hər an,
Hər gün hiss olunmadan
Boy atdı, çiçəkləndi,
Getdikcə göyçəkləndi,
Qara qaşlı qız oldu,
Bir parlaq ulduz oldu,
Tərifləndi hər yanda.
Adlı-sanlı şahzadə
Yelisey bu gözələ,
Nişanlı çıxdı belə.
Gələn kimi elçilər,
Söz aldı; yeddi şəhər
Yüz qırx saray, verdi çar,
Ehtiram göstərdi çar.
Eşidib bu xəbəri,
Təbrikə gələnləri
Görməkçin xanım sultan
Bəzənib, aynasından
Soruşurdu: -
"Dilbər, gözəl,
Bədəni mərmər gözəl,
Mənəmmi, söylə, söylə?"
Ayna gələrək dilə
Dedi: -
"Söz yox, xanım, sən
Gözəllər gözəlisən!
Lakin ən dilbər gözəl,
Şahzadə qızdır məncə".
Bu sözü eşidincə
Xanım sultan hirsləndi,
Atıldı göyə, endi,
Qaraldı onun qanı,
Təpiklədi aynanı.
Qəzəblə dedi ki: - Sən
Bunu yalan deyirsən!
Mənimlə heç о axmaq,
Götürə bilər ayaq?
Bilirsən neçin, nədən
Onda vardır ağ bədən?
Həmli ikən anası
Qara baxıb; balası
Ona görə olub ağ.
Özün insaf elə, bax!
О mənə tay olarmı?
Onda gözəllik varmı?
Gəz bu yeri, dünyanı
Mənə tay gözəl hanı?
Doğru demirəmmi mən?"
Ayna dedi: -
"Qız səndən
Daha incə dilbərdir,
Gül bədəni mərmərdir".
Az qaldı xanım sultan
Çatlasın paxıllıqdan.
Aynanı təpiklədi,
Bir qaravaşa dedi: -
"Durma, bu qızı apar,
Harda şamlıq, six yer var
Meşədə, bağla orda,
Qoy yem olsun bir qurda"
Qadının qəzəbiylə
Şeytan bacarmaz belə.
Xanım sultan nə desə,
Girişmək olmaz bəhsə.
Qaravaş dilbər qızla,
Sinəsi mərmər qızla
Meşəyə gəldi birbaş.
Qız işi duyub, təlaş
Göstərdi, dedi: - "canım,
Neçin məhv olur canım,
Nədir mənim günahım?
Ay qız, gəl ol pənahım.
Məhv etmə məni inan,
Olunca xanım sultan
Yaxşılıq edərəm mən".
Qaravaş qızı qəlbən
Sevirdi, öldürmədi,
Azad buraxıb dedi:
"Salamat qal, qəm yemə,
Mən gedirəm evimə".
Evə qayıdan zaman
Soruşdu xanım sultan:
"Harda qaldı gözəl qız?"
"Meşədə qaldı yalqız,
Bağladım əl-qolunu,
Qurdlar yeyəcək onu;
Asanlıqla verib can,
Qurtaracaq əzabdan".
Səs yayıldı hər yana,
Adamlar yana-yana
Dedilər: "Şahzadə qız,
Sevimli gözəl ulduz
İtib".Kədərləndi çar,
Qəlbini yaxdı odlar.
Şahzadə Yelisey də,
Batıb kədərə, dərdə;
Allaha dua etdi.
Atına minib getdi
О gül bədənli cançın,
О sevimli canançın.
Qalıb meşədə yalqız
Azdı gənc nişanlı qız.
Şəfəq sökülən zaman
Düz yol tapdı, о yoldan
Getdi çatdı bir qəsrə.
Bir köpək hürə-hürə
Tez eşiyə tullandı,
Qızı gördü şırmandı.
Qız girdi darvazadan,
Gördü səssizdir hər yan
Tez çıxdı artırmaya,
Əl uzatdı halqaya.
Qapılar yavaş-yavaş
Açıldı, xanım birbaş
Girdi işıq otağa,
Baxınca sola-sağa,
Gördü hər tərəfdə var
Xalı döşənmiş taxtlar,
Müqəddəs təsvirlər də
Asılmış yaxşı yerdə
Altında palıd stol.
Bu otaqda hər şey bol.
Bir yanda qəşəng soba,
Üstü rəngbərəng soba.
Qız dedi: -"Yəqin yaşar
Burda yaxşı insanlar.
Toxunmaz mənə heç kəs
Yoxdu evdə səs, nəfəs.
Xanım baxdı dörd yana,
Evi saldı sahmana.
Şamı işıqlandırdı,
Sobanı da yandırdı.
Evi qaydaya saldı,
Sonra yuxuya daldı.
Gün göydə boy atınca,
Nahar vaxtı çatınca
Gəldi yeddi pəhləvan,
Yeddi bığlı qəhrəman.
Böyük qardaş heyrətlə
Dedi: -"Qəsri kim belə
Yığışdırıb, bəzəyib,
Sahibini gözləyib?
Hər kəssə çıxsın üzə,
Yaxın dost olsun bizə.
Qocadır olsun əmi,
Qəlbimizin həmdəmi.
Gəncdirsə olsun qardaş,
Ən mehriban bir sirdaş.
Qadındır olsun ana,
Hörmət eyləyək ona.
Gözəl qız isə əgər,
Bacı olsun о dilbər".
Şahzadə gəldi birbaş
Salam verib əydi baş.
Qızarıb xəcalətdən
Üzr istədi, dedi: - "Mən
Çağrılmasam da ancaq
Sizə gəlmişəm qonaq".
Bildi onlar əlbəəl,
Şahzadədir bu gözəl.
Ona yer göstərdilər,
Dadlı qutab verdilər,
Şərab gətirdilər, qız
İçmədi əsla... yalnız
Qutabdan bir az yedi,
Sonra yatmaq istədi.
Onu işıq otağa
Apardılar, yatağa
Girib qız təkcə qaldı,
Dərin yuxuya daldı.
Bir-bir keçirdi günlər,
Sevimli gözəl dilbər
О yeddi pəhləvanın,
Yeddi igid oğlanın
Yanında darıxmadan
Ömür sürürdü hər an.
Hər səhər yeddi qardaş
Çölə yollanır birbaş.
At çapıb gəzişərək
Vururdular boz ördək.
Görsəydilər bir qəddar
Qılıncları oynadar,
Başını kəsərdilər.
Düşmən görsələr əgər
Meşədən sovardılar,
Uzağa qovardılar.
О sevimli gözəl qız
Qəsrdə qalıb yalqız,
Bişirib bişmişini,
Görürdü ev işini.
Nə qız yeddi oğlana,
Nə də oğlanlar ona
Etməzdilər etiraz,
Günləri keçirdi saz.
Vurulub bu gözələ
Yeddi qardaş əl-ələ
Verib bir dəfə səhər,
Otağına gəldilər.
Böyük qardaş dedi: - "Qız
Sən olmusan bacımız,
Hamımız səni candan
Artıq sevirik inan.
Getsən hər birimizə
Bu xoşbəxtlikdir bizə,
Belə subay gəzmə, gəl
Razı sal bizi, gözəl.
Birimizə get ərə,
Sonra о birilərə
Bir mehriban bacı ol,
Başımızın tacı ol.
Nə çatırsan qaşını,
Bulayırsan başını?
Söylə, yoxsa ay qız sən
Bizi bəyənməyirsən?"
Cavab verdi xanım qız: -
"Doğma qardaşımsınız
Mənim, qoçaq oğlanlar!
Əgər bunda yalan var
Allahın qəzəbindən
Yerimdə quruyum mən.
Necə cavab söyləyim?
Nişanlıyam neyləyim?
Siz gözümdə birsiniz,
Qoçaqlıqda şirsiniz.
Ağlınız var dünyacan,
Əzizsiz mənə candan.
Ancaq sevdiyim başqa,
Xəyanət olmaz eşqə.
Yeliseyi hər kəsdən
Daha çox sevirəm mən".
Dinmədi yeddi qardaş,
Boynunu yavaş-yavaş
Qaşıdı onlar yalnız.
Böyüyü dedi: - "Ay qız,
Elçiyə yoxdur zaval,
Bağışla get, rahat qal.
Bu barədə bir daha,
Söhbət açmaram əsla".
Qız cavab verib aram,
Dedi: - "Acıqlanmaram,
İnan, çarəsizlikdən,
Rədd etdim təklifi mən".
Qardaşlar endirib baş
Getdilər yavaş-yavaş.
Ömür sürdülər yenə...
Qız düşəndə fıkrinə
Qəzəbli xanım sultan
Keçmirdi günahından.
Kin bəsləyib aynaya
Onu almırdı saya,
Atdı bir yanda qaldı.
Bir gün yadına saldı
Aynanı, söndü kini,
Unutdu qəzəbini.
Onu götürdü ələ
Mehriban, gülə-gülə,
Dedi: - "Ən dilbər gözəl,
Bədəni mərmər gözəl,
Al yanaqlı mehriban,
Sevimli incə canan
Mənəmmi, ayna, söylə?"
Ayna gələrək dilə
Dedi: - "Söz yox xanım, sən,
Ən sevimli gözəlsən,
Lakin bir dilbər qız var,
Yaşıl meşədə yaşar.
Yeddi igid oğlanın,
Yeddi mərd pəhləvanın
Yanında cahcəlalsız.
Səndən gözəldir о qız".
Xanımın qəlbi yandı,
Hirsləndi, acıqlandı.
Qaravaşa dedi: - "Sən
Mənə kələk gəlirsən?"
Kənizinin təşvişi,
Anlatdı ona işi.
Ağacla hədələdi,
Xanım qəzəblə dedi: -
"Ya gərək qız məhv olsun,
Ya da boynun vurulsun!"
Qız bir gün otağında,
Pəncərə qabağında,
Sevimli qardaşları
Gözləyib, çölə sarı
Baxır, ip əyirirdi.
Birdən köpək bərk hürdü.
Ağaclı, qarayanız
Bir dilənçi gördü qız.
О girmişdi həyətə,
Acıqlanırdı itə.
Qız söylədi: -
"Dayan, mən
İti bağlayım nənə,
Pay da gətirim sənə".
Qarı dedi: - "Can bala,
Bu it bəladır, bəla.
Az qaldı didsin məni,
Yesin, incitsin məni.
Gör nə göstərir təlaş".
Qız çörək alıb birbaş
Ona sarı yollandı
İt о saat tullandı
Xanımın ayağına,
Tez soluna, sağına,
Keçib, qarıya sarı
Qoymurdu qızı. Qarı
Yaxınlaşınca köpək
Yırtıcı bir heyvan tək
Basmarlayırdı onu,
Qarı görüncə bunu
Dedi: - "Qəribə işdir,
Deyəsən yatmamışdır,
Bu köpək yuxusuzdur.
Odur belə quduzdur".
Şahzadə qız dedi: "Al!"
Çörəyi atdı, dərhal
Qarı tutdu sevincək,
Təşəkkür eyləyərək.
Dedi: - Əlin var olsun,
Tale sənə yar olsun!
Əziz qızım al, nənə
Pay verir bunu sənə".
Qızıl rəngli tər, təzə
Bir alma atdı qıza.
Bunu görüncə köpək
Hirslə zingildəyərək
Qıza tərəf yüyürdü
Atıldı bərkdən hürdü.
Ancaq almanı gözəl,
Göydə tutdu əlbəəl. –
Ay gözümün işığı,
Qəlbimin yaraşığı,
Bu almanı naharda
Ye, ağzın gəlsin dada"
Deyə, qarı yox oldu
Xanım qız yalqız qaldı.
Artırmada boz köpək,
Daim zingildəyərək
Qıza qəmli baxırdı,
Dərd qəlbini yaxırdı.
Demək istəyirdi gəl,
Almanı at, ay gözəl!
Bu işdə var bir hiylə.
Ağ zərif əllərilə,
İti oxşadı xanım,
Söylədi: "Ay tərlanım,
Nə olmuş bu gün sənə?
Get yat!" Sonra о yenə
Öz otağına girdi.
Cəhrədə ip əyirdi.
Gözlədi qardaşları,
Baxdı almaya sarı.
Tər alma, sulu alma,
Şəkərlə dolu alma.
Qızıl çalan rəngi xoş,
Qabığı nazik, meyxoş,
Saçırdı ətir iyi,
Görünürdü çərdəyi.
Böyük iştaha ilə
Qız onu aldı ələ.
Naharacan dözmədi
İndi yemək istədi.
Güldən al dodağına,
Zərif bal dodağına
Apararaq dişlədi,
Çeynədi bir az yedi...
Birdən о sevimli qız,
О gözəl oldu huşsuz,
Ağ qolları boşaldı,
Almanı yerə saldı.
Soldu gül kimi üzü,
Qaraldı şəhla gözü.
Ruh qalmadı canında,
Təsvirlərin yanında
Yıxıldı hərəkətsiz,
Qaldı cansız, qüvvətsiz...
Döyüşdən yeddi qardaş
Evə qayıtdı birbaş.
Köpək ucadan hürdü,
Tez həyətə yüyürdü.
Yol göstərdi onlara
Qardaşlar dedi: - "Qara
Bir xəbər var, şübhəsiz,
Dərddən qurtarmarıq biz"
Yerə endilər atdan,
Evə girincə haman,
Ah çəkdilər, tez köpək
Acıqlı yüyürərək,
Qızıl almanı tutdu,
Ulayıb onu uddu.
Yıxıldı çıxdı canı,
Bilindi ki, almanı,
Kim isə zəhərləmiş,
Aydın oldu bütün iş.
Ölmüş şahzadə qızın
Yanında həzin-həzin
Baş əydilər ələmlə,
Dua oxuyub qəmlə
Onu aldılar yerdən,
Dəfn etmək istəyirkən
Dəyişdi fıkirləri.
Gördülər ki, о pəri
Sanki yuxuya batmış,
Səssiz uzanıb yatmış,
Bəlkə heç ölməyib qız,
Nəfəsi yoxdur yalnız.
Yatmayıb gecə-gündüz,
Üç gün gözlədilər düz.
Qız heç qımıldanmadı,
Yuxudan oyanmadı.
Ona matəm tutaraq
Qoydular billur, parlaq
Əzəmətli tabuta.
Əllərdə tuta-tuta
Apardılar uzağa.
Gecə vaxtı bir dağa.
Altı şalban yan-yana
Düzüb, altı şalbana
Tabutu bərkitdilər,
Sonra çəkdilər çəpər.
Cənazə önündə baş
Əydi, о yeddi qardaş.
Böyüyü söylədi: - "Yat,
Yerində rahat-rahat.
Söndüsə də о dilbər
Gözəlliyin, fələklər
Ruhunu qəbul edər.
Bacı, biz səni sevər
Hörmət bəslərdik, sən də
Sadiq idin eşqində,
Yara yetmədən soldun
Tabuta qismət oldun".
Elə о gün qudurğan,
Fitnəkar xanım sultan,
Aynaya dedi: - "Dilbər,
Gül üzlü, canı mərmər
Mənəmmi?" Ayna birdən
Cavab verdi: - "Xanım, sən,
Şəksiz dilbər gözəlsən,
Canı mərmər gözəlsən".
Gənc Yelisey şahzadə
Yer qoymadı dünyada.
Nişanlısıyçün gəzdi,
Hicran qəlbini əzdi.
Ağladı, dərdi daşdı,
Hər kəsə yaxınlaşdı,
Söz soruşdu güldülər,
Sualı boş bildilər,
Ondan çevirdilər üz.
Axır bir dəfə gündüz,
Günəşə üz tutaraq,
Ondan soruşdu qoçaq: -
"Ey işıqlı günəş, sən
Yüksək göydə gəzirsən!
Qışı edirsən bahar,
Çəmənləri laləzar,
Görürsən insanları,
Rədd etmə, söylə barı,
Yer üzündə, dünyada
Gözəl xanım şahzadə
Rast gəlibdirmi sənə?
O, nişanlıdır mənə.
Söylə işıqlı günəş,
Ey yaraşıqlı günəş".
Günəş dedi: "Gəzirkən
Qızı görməmişəm mən,
Yəqin ki, о sağ deyil,
Qonşum Aydan xəbər bil!
Bəlkə Ay onu görə,
Bir yerdən soraq verə".
Kədəri daşa-daşa
Vurdu gündüzü başa.
Ay çıxınca Yelisey
Ona dedi: - "Dostum, ey
Gümüş telli şən pəri
Gəzirsən gecələri,
Girdə sifətin var, ağ
İşığın parlaq-parlaq.
Ulduzlar alay-alay
Baxır sənə, gözəl ay,
Xoşlanır adətindən.
Mənə cavab verginən.
Yer üzündə, dünyada
Gözəl xanım şahzadə
Rast gəlibdirmi sənə?
O, nişanlıdır mənə".
Ay cavab verdi həmən,
Söylədi ki, - "Qardaş, mən
О sevimli gözələ
Rast gəlməmişəm hələ...
Növbə çəkirəm yalnız
Öz vaxtımda, gözəl qız
Məndən xəlvət gizlənmiş". –
"Nə yaman oldu bu iş!" –
Deyə ah çəkdi oğlan,
Ay davam etdi: - "Dayan,
Bəlkə sərin küləklər,
Verəcək qızdan xəbər.
Yəqin ki, bilər külək,
О sənə edər kömək.
Qəm yemə, sağlıqla qal,
Get küləkdən xəbər al".
Getdi məyus olmadan
Küləyə tərəf oğlan.
Dedi: - "Külək, gücün var
Dəstə, dəstə buludlar
Qovulur qüdrətinlə,
Göy dəniz qüvvətinlə
Dalğalanır; hər zaman
Əsirsən boşluqlardan.
Çəkinmirsən kimsədən,
Tanrıdan qorxursan sən.
Yer üzündə, dünyada
Sevimli qız şahzadə
Rast gəlibdirmi sənə?
О nişanlıdır mənə".
Vəhşi külək dedi: - "Dur,
Sənə cavabım budur:
Var sakitcə bir bulaq,
Onun ardında bir dağ,
Dağda dərin dərə var,
Dərədə qaranlıqlar
İçində qəmli tabut,
Həzin ələmli tabut
Zəncirlənmiş tirlərə,
Kimsə getməz о yerə.
О tabutdadır yarın,
Sevimli vəfadarın".
Uzaqlaşdı sərt külək.
Şahzadə inləyərək
Düşündü ki, qoy barı
Bir daha görüm yarı.
Birbaş yola düzəldi,
Yüksək, dik dağa gəldi.
Geniş boşluqdu hər yan,
Bir qaranlıq qapıdan
О cəld içəri girdi,
Gördü zülmət hər yeri
Bürüyüb, bir tabut var,
Bu billur tabutda yar
Nəfəs almadan yatır,
Əbədi yuxudadır.
Şahzadə bir güc vurdu
Billur tabutu qırdı.
Oyandı, gəldi cana,
Qız baxdı dörd bir yana
Heyrətlə nəzər saldı
Lap təəccübdə qaldı.
Onu yellətdi zəncir,
O, ürəkdən qəmli bir
Ah çəkdi dedi: - "Aman,
Nə gec durdum yuxudan'
Şahzadə qız, о gözəl,
Tabutdan durdu, əvvəl
Hər ikisi ağladı;
Yelisey qucaqladı,
Qızı böyük sevinclə,
Sonra apardı çölə.
Şirin söhbət etdilər
Evlərinə getdilər.
Yayıldı belə xəbər:
Sağdır şahzadə dilbər!
Boş idi bu aralıq,
Azğın, zalım analıq.
Aynanın qarşısına
Gəlib, söylədi ona:
- "Mənəmmi dilbər gözəl,
Bədəni mərmər gözəl?"
Ayna dedi: - "Xanım, sən,
Söz yox ki, çox gözəlsən,
Sevimli şahzadə qız,
Səndən qəşəngdir yalnız.
Odur ən dilbər gözəl,
Bədəni mərmər gözəl".
Zalım analıq həmən,
Yerə çırpdı hirsindən
Gözəl aynanı qırdı,
Sonra yerindən durdu.
O, qapıya yönəldi,
Xanım qıza rast gəldi.
Gənc qızı görən zaman
Qüssəsindən verdi can.
Dəfn edən kimi onu,
Xanım qızm toyunu
Başladılar, şahzadə
Qızı aldı. Dünyada
Yer yaranandan hələ
Görməmiş heç kəs belə
Dəbdəbəli toy, mən də
О gün yoldan ötəndə
Bol pivə içdim, fəqət
Bu söz deyil həqiqət.