MİRZƏ SƏFƏR
Əbdürrrəhim bəy Haqverdiyev
Mirzə Səfər
Ağ çuxalı, ağ arxalıqlı, ikiüzlü buxara dərisindən papaqlı, şişman göbəyi üzərində gümüş kəmərli Mirzə Səfəri hamı tanıyırdı. hər görən ona salam verirdi. Hər bir ziyafətdə Mirzə Səfər isbati-vücud edərdi. Mirzə Səfərin söhbətlərinə hamı aşıqdı. Gözəl danışardı. Çox şairlərin əşarı onun sinə dəftərində səbt olunmuşdu. Şeirlər oxuyardı və oxuyandan sonra da onları əyrü-üyrü rus dilinə tərcümə edərdi. Deyərdilər ki, cavanlıqda Mirzə Səfər özü şairlik fikrinə düşüb, Şeir demək üçün çox çalışmışdı, fəqət bir nəticə hasil olmamışdı.
Mirzə Səfər eşitmişdi ki, şeir yazmaq üçün iki vasitə lazımdır: xəlvət otaq və bir şüşə şərab. Şərab içdikdən sonra təb açılıb, şeir öz-özünə su kimi axacaqdır. Qafiyə tapmaqda çətinliyə uğradıqda iki dəfə qeyzlə təpiyini yerə çırparsan, o saat qafiyə öz-özünə tapılır.
Mirzə Səfər bir şüşə qırmızı şərab alıb gəldi evə. Mirzəyə demişdilər ki, şərab, əlbəttə, gərək qırmızı olsun ki, yarın dodaqlarına oxşasın. Şərabı masanın üstünə qoyub, papağı bir tərəfə, çuxanı o biri tərəfə atıb, yaxasını açıb, başının tüklərini pırtlaşdırıb, özünə bir laübali sifət verib aynaya baxdı, dedi:
- Afərin, Səfər, indi xalis şairsən!
Şərabdan bir stəkan töküb içəndən sonra gördü gözləri də qızarıb, daha şairliyinə şəkk ola bilməzdi.
Stulda əyləşib, qarşısına bir vərəq kağız qoyub qələm götürdü, derd-beş dəfə qələmi mürəkkəbə batırdıqdan sonra durub otaqda bir-iki baş gəzindi. Hərçi fikir etdisə, şeiri başlamaq mümkün olmadı. Bir stəkan da içdi. Beyni bir qədər də qızışdı. Əyləşib qələmi alıb gözəl xətlə yazdı:
“Darvazamızı fələk vurubdu!”. Mirzə Səfər hərçi çalışdısa, ikinci misra gəlmədi. Neçə dəfə təpiyini yerə çırpdı, şərabın hamısını içdi, misra gəlmədi ki, gəlmədi.
Mirzənin atasının evində saat birdə nahar yeyilirdi. Bu dəfə saat bir oldu, ikidən addadı, Mirzə nahara gəlmədi. Atası təşvişə düşüb otaqdan çıxdı. Oğlunun pəncərəsinin yanından ötərkən nə gördü oğlunun sifəti nar tək qızarmış, gözləri böyümüş, başı, libası pəjmürdə, tər alnından sel kimi axır, otaqda o baş-bu başa dayanmadan yüyürür, hərdənbir otağın ortasında dayanıb, ayaqlarını hirsli yerə çırpıb deyir:
«Darvazamızı fələk vurubdu, darvazamızı fələk vurubdu, darvazamızı fələk vurubdu!»
Atası qapını açıb otağa daxil oldu;
- Ay oğul, bu nə halətdi səndə?
Mirzə Səfər atasının sözlərini əsla eşitməyib qışqırdı: «Darvazamızı fələk vurubdu!»
Yazıq kişi yəqin etdi ki, oğlunun başına hava gəlib. Stola tərəf yovuqlaşıb, kağızda yazı görüb oxudu: «Darvazamızı fələk vurubdu!». Burada atası anladı ki, oğlu şairlik fikrinə düşüb, divanəlik haləti yoxdu. İrəliləyib, oğlunun boy-nundan yapışıb dedi:
- Darvazamızı fələk vurubdu, Sən tək bişüuru mənə veribdi. Gəl, axmaq balası, naharını zəhrimarlan. Nə qədər məndən şair oldu, bir elə səndən olar.
Oğlunu otaqdan çıxarıb apardı nahara. Bir neçə il ondan sonra Mirzə qonşunun qızına eşq yetirib anasını elçi köndərdi. Qızın anası Mirzənin anasını çox hörmətlə qəbul etdi. Ancaq cavab verdi ki: “Qızın ixtiyarı atasının əlindədir, atası gələr, söylərəm. Mənim qızım Səfərdən yaxşı oğlana ketməyəcək ki, oğru deyil, dələduz deyil, bir kəsin toyuğuna daş atmaz. Bir pislikdə adı çəkilməz, axşam kişi ilə danışıb cavab göndərərəm”. Mirzənin anası xatircəm evə qayıtdı.
Qız qapının dalında durub danışığa qulaq asırmış. Anası qonağı yola salıb qayıdanda, qızını gözü yaşlı görüb, xəbər aldı:
- Ay qızım, nə olub sənə, niyə ağlayırsan?
Qız cavab verdi:
- Anacan, danışdığınızın hamısını eşitmişəm. Məni atamın başına çevir, qurban kəs, məni tikə-tikə doğra, itlərə ver, amma məni bədbəxt eləmə.
- Ay qız, Səfər necə oğlandı, niyə xoşuna kəlmir?
İstəmirəm, ana can, qurbanın olum,
- Hələ bir şey yoxdur, o almadı, biz də vermədik, bəlkə heç atan razı olmayacaq.
Səfər, doğrudan da, qızların xoşuna gələnlərdən deyildi. Fəqir, başıaşağı bir oğlandı, vurub-yıxan deyildi, belinə tapança bağlayıb, əlini belinə, papağını közünün üstünə qoyub kəzməzdi. Birçəklərini qotaz daramazdı, papiros çəkməzdi, aşurada başını yarmazdı, qaməti də movzun deyildi. Belə adamları qızlar sevməzdilər.
Axşam qızın atası bazardan gəldi. Arvad əhvalatı nağıl etdi. Kişi bir az fikir edib dedi:
- Arvad, Səfər pis oğlan deyil, atası da bir abırlı kişidir. Ancaq biz ona qız versək, kərək iki ev saxlayaq; qızımızı bir elə yerə verək ki, bir parça çörək yeyib bizə möhtac olmasın...
- Axır onlar bizdən cavab gözləyəcəklər?
- Bir gün gözləsinlər, eyb eləməz, sabah bir dükan qonşum hacı Əbdüləzimə də məsləhət eləyim, o, bir ağıllı, dünya görmüş kişidir.
Səhər qızın atası hacı Əbdüləzimin dükanına keçib keyfiyyəti söylədi. Hacı Əbdüləzim dürüst qulaq verəndən sonra dedi:
- Kişi, məgər sən öz qızının düşmənisən? Mənim bir kor pişiyim olsa, onu da Səfərə vermərəm, oruc tutmaz, namaz tanımaz, bir dəfə məscidə getməz, hətta deyirlər, axşamadək erməni bazarında şirəxanada oturub çaxır içir, kecə də evə piyan gəlir. Əgər mənim yanıma məsləhətə kəlibsən, mən məsləhət körmürəm.
İki gündən sonra Səfərin anasına sifariş köndərdilər ki, böyük qız ərə getməyincə, kiçik qızı atası heç kəsə verməyəcək.
Keyfiyyət Səfərə təsir edib, onu naxoşluğa salır.
Atası oğlunun halətini görüb dedi:
- Ay bala, niyə xüffət eləyirsən, özün bilirsən ki, biz kasıbıq, qohum-əqrəbamız və möhkəm arxamız yox, bizə qızmı verərlər? Oğul, burada qalsan, halın daha da xarablaşacaq. Yaxşısı budur get piyadə Qurbanlıda bir neçə gün dayının evində qal, havanı dəyiş, bəlkə bu sövda da başından çıxa.
Mirzə atasının sözünə baxıb getdi kəndə. Orada bir neçə gün qalmışdı, bir də gördü haradansa, adına bir başıbağlı məktub gəlib, məktubu açıb gördü şeirdir. Bir nəfər naməlum şair belə yazmışdır:
Fəzayi-eşqdə Məcnunə nisbət,
Nə düşübsən biyabana, ay Səfər!
Hansı Leyli salıb dami-zülfünə
Gətiribdir səni cana, ay Səfər!
Mahtab tələtli, kim vermiş firib,
Dərdinin dərmanın tapmamış təbib.
Yar ilə aranı vuran sək rəqib,
Pərvanətək oda yana, ay Səfər!
Yarın çox gözoldir, nə pünhanı var,
Dövlətinin nə ədədi, sanı var.
Deyirlər ki, ancaq bir nöqsanı var...
Məhəl qoymaz səntək cana, ay Səfər!
Mirzə bu məktubdan çox dilgir oldusa da, onu özündə saxladı. Axır vaxtlarda bu şeiri özü çox həvəslə oxuyardı.
Mirzə Səfər kənddə ikən qızı hacı Əbdüləzimin oğluna verdilər.
* * *
Yuxarıda zikr etdiyimiz keyfiyyəti Mirzə özü nağıl edirdi.
Mirzə Səfərlə biz tanış olanda, onun yaşı qırx beşlə əllinin arasında idi, özü də qəza dəftərxana-sında qulluq edərdi. Rusca savadı az olduğundan, ancaq işi mübəyyizlik idi. İyirmi beş manat da maaşı vardı. Mirzəyə hər yerdə ehtiram göstərərdilər. Bununla belə, onun bircə nəfər həqiqi dostu var idi - saatsaz usta Zeynal. Mirzə hər gün nahardan sonra gedib, usta Zeynalın dükanında əyləşib onunla söhbət edərdi və söhbət əsnasında cibindən qozdan, fındıqdan, kişmişdən çıxarıb ortalığa tökərdi. Mirzənin cibləri çərəzdən boş olmazdı. Görürdünüz, yolla gedərkən dayanıb, cibindən bir qoz çıxarıb divarın daşına dayayıb, ağacının başı ilə sındırdı və yeyə-yeyə getdi.
Usta Zeynalın dükanında Mirzə qəzəllər oxuyub, sonra da oxuduğu qəzəlləri rus dilinə tərcümə edərdi. Rus dilini bilmədiyindən, tərcümələri də çox tuhaf çıxırdı. Başlardı:
- Usta Zeynal, gör şair nə gözəl deyib:
Xoş əst badeyi-gülgün ba kəbabi-şikari,
Zidəst saqiyi-gülçöhrə dər kənari-buxari.
Nə əz bəhri-niguyi-gül bə pişət dəstə avürdəm,
Zixubi-laf mizəd gül giriftə bəstə avürdəm.
- Afərin şairə! - deyib qozun ləpəsindən birini ağzına qoyardı.
Usta Zeynal, həmçinin, bir arif kişi idi. O da gözəl şeirlər oxuyardı. O idi ki, Mirzə Səfərin onunla həmişə söhbəti tutardı.
Dəftərxanada Mirzənin hörmətini gözlərdilər. Çünki sair mirzələr bir abbası, altı şahı hər işə gələndən rüşvət alardı, amma Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı və deyərdi: «Rüşvət almaq adamı qorxaq və gözükölgəli edər, rüşvət aldığın adamların hansını görsən, gərək ikiqat baş əyəsən... Nə lazım? Qulluğumda təmiz olaram, maaşıma qənaət edərəm, bir kəsə ehtiyacım olmaz, həmişə də başıuca gəzərəm, iyirmi beş manat məvacibim var, ayda bir on manat da evə kəlib ərizə yazdıranlardan qazanıram, bu da mənim başımdan girib, ayağımdan çıxar».
Mirzənin zamanında bazarda ucuzluq idi, yaxşı qoyun ətinin girvənkəsi dörd qəpik, çörəyin girvənkəsi iki qəpik, yağın pudu dörd manat idi. Mirzə qazandığı para ilə dolanıb oğlanlarına da tərbiyə verərdi. Dünyada təməllüq, yaltaqlıq nə olduğunu Mirzə bilməz. Bir bəyə, bir xana etina eləməzdi və deyərdi: «Nə vaxt qapılarına çörəyə getsəm - verməsinlər».
Bir dəfə bir nəfər şəxs dəftərxanaya gəlib, katibdən öz kağızından dolayı mə'lumat istəyir, katib ca-vab verir ki, kağızın Mirzə Səfərdədir, üzünü ağardar, apararsan. Şəxs Mirzəyə tərəf gəlir:
- Mirzə, mənim kağızımı, mümkün isə, yaz aparım.
- Dayan, bu saat yazaram, əlimdə özgə iş var.
- Bilirsiniz, mən Həsən ağanın qohumuyam?
Mirzə qələmi əlindən buraxıb kişinin gözlərinin içinə baxdı.
- Doğrudan Həsən ağanın qohumusan?
- Doğrudan.
- Sən allah, Həsən ağanın qohumusan?
- Vallah, doğru deyirəm.
- Sən həzrət Abbas, Həsən ağanın qohumusan?
- Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam.
- Deyinən sən öl, Həsən ağanın adamıyam.
- Sən öl, Həsən ağanın adamıyam.
- Bəs elə isə gəl min mənim boynuma. Neynəyim Həsən ağanın qohumusan, gözlə, vaxtında kağızın hazır olar,apararsan.
İş üçün gələn kəndlilərlə Mirzə həmişə şirin dillə zarafat eləyərək söhbət edərdi. Keçmiş vaxtlarda dəftərxanalarda qulluqçuların gündə biri, idarə bağlandıqdan sonra qalıb təcili məktubları, teleqrammaları qəbul edərdi.
Bir gün növbət Mirzəyə gəlmişdi. Dəftərxananın səkisi üstündə əyləşib özünü havaya verirdi.
Bir neçə nəfər də kənddən gəlmiş adamlar küçənin ortasında oturub öz aralarında danışırdılar.
Mirzə bunların birisinə əl elədi:
- A kişi, bura gəl, bura gəl.
Kişi durub gəldi.
- Nə buyurursan, Mirzə?
- Bir dil ki qəm düçarı ola, ağlar, ağlamaz?
- Mən nə bilim, ay Mirzə.
- Ənduhi-qüssə yarı ola, ağlar, ağlamaz?
- Başına dönüm, ay Mirzə, mənim belə şeylərdən başım çıxmaz. Avam adamam.
- Doğrudur, avamsan, bunlar gözəl sözlərdir, get oğlunu oxut. Belə-belə şeirlərdən ləzzət aparsın.
Bir dəfə nə üstə isə naçalnikin buna qəzəbi tutub dedi:
- Səfər! Papağını götür, buradan get!
Mirzə Səfər qalxıb şax naçalnikin sifətinə baxdı.
- Cənab naçalnik, siz yəqin edin ki, mən buradan gedəsi olduqda, papağımı qoyub getməyəcəyəm.
«Külahın satgilən xərc et, tüfeyli olma namərdə,
Cahanda kəllə sağ olsun, külah əskik deyil mərdə!»
Şeiri oxuyub, bir növ rusca tərcümə etdi.
Yoldaşları hamısı bir dillə naçalnikdən xahiş etdilər ki, onun taqsırından keçsin. Mirzə Səfər özü isə bir vəziyyətdə durub, sifətində yalvarmaq nişanəsi olmayaraq baxırdı.
Mirzənin təmiz qulluqçu olmağına qiymət qoyurdular və yoldaşları da onu çox istəyirdilər. Ona görə Mirzəni vəzifəsində saxladılar.
Mirzə Səfərin iki oğlu edadiyyə məktəbinin beşinci sinfində oxuyurdular.
Mirzənin məişəti ağır olduğundan, məktəb nəzdində olan cəmiyyəti-xeyriyyə onun uşaqlarını dərs pu-undan azad etmişdi.
Bir gün uşaqlar məktəbdən gəlib Mirzəyə xəbər verdilər ki, daha bu ildən onları məktəb pulundan azad etməyəcək, pul verməsələr, hər ikisini məktəbdən xaric edəcəklər.
Sabahı gün Mirzə naçalnikdən izin alıb məktəb müdirinin yanına getdi. Müdir dedi:
- Mən kənardan kəlmiş bir adamam, başım ancaq məktəbin işlərinə məşğuldur. Uşaqların atalarının vəziyyətləri mənə mə'lum deyil, məlum olsa da, mənim əlimdən bir iş gəlməz, sizin oğlanlarınız hər ikisi yaxşı oxuyurlar. Onların məktəbdən çıxarılmalarına mən çox əfsus edirəm. Mən sizə məsləhət görürəm, gedib cəmiyyətin sədri Həsən ağa ilə görüşəsiniz. İş onun əlindədir.
Məlum oldu ki, Mirzə Səfərin Həsən ağanın qohumu ilə rəftarı ağanın qulağına çatıb, o da qeyzlənib cəmiyyəti-xeyriyyə iclasında deyibdir ki, Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. İclasdan çıxanda üzvlərdən biri Həsən ağadan xəbər aldı:
- Ağa, Mirzə Səfər yazıq deyilmi, biz hamımız onun vəziyyətinə bələdik, bu zülmü onun haqqında gərək siz etməyəydiniz.
Ağa cavab verdi:
- Məgər siz onun nə qədər azğın olduğunu görmürsünüz?! Nə adama etina edir, nə də salam verir, guya bu adamların hamısı onun nökəridirlər. Yəqin yağlıdır ki, belə dolanır. Yağlı olmasa, o da qalan çinovniklər kimi adamın yerini bilər.
Mirzə Səfər məyus evə qayıtdı.
Arvad ərinin halətinin pozğunluğunu xəbər aldıqda, Mirzə dedi:
- Nə eləyim, ay arvad, bu gün-sabah uşaqları məktəbdən xaric edəcəklər. Ondan sonra mən onların üzlərinə nə gözlə baxacağam? Həsən ağanın evi yıxılsın, mənim evimi o yıxdı.
- Qəm eləmə, kişi, sən ki özün şkola görməyibsən, yenə bir parça çörəyin var. Uşaqlar ki, az-çox oxuyublar, çörəksiz qalmazlar.
- Mən yediyim məgər çörəkdir? Zəhrimar o çörəkdən yaxşıdır. Sabah qulluqdan çıxarsalar, acından ölməyə məcbur olacağam. Həsən ağa kimi zalımın biri getdi naçalnikdən xahiş elədi, bir də görəcəksən papağımı qoltuğuma verib saldılar eşiyə. Oğlanlarımı mən avara görsəm, yəqin özümü öldürərəm.
Mirzə iştahsız nahar yeyib yatmaq istədi, hərçi çalışdı yuxusu gəlmədi. Durub libasını geyinib getdi usta Zeynalın dükanına.
həmişə sifətindən şad, dili şeirli daxil olan Mirzə Səfər bu dəfə məyus girib, salam verib əyləşdi. Usta Zeynal xəbər aldı:
- A Mirzə, gözümə bikef dəyirsən, nə olub, xeyir ola?
- Xeyir olmamış nə var. Elə bir qədər bu gün ovqatım təlx olub.
- Söylə görək.
- Nə söyləyim? Həsən ağanın evi başına uçsun, kedib məktəbdə deyib ki, filankəsin pulu aşıb-daşır, uşaqlarını öz xərci ilə oxuda bilər. İndi uşaqları göndəriblər üstümə və xəbər veriblər ki, ayın on beşinədək qırx manat verməsəm ikisini də məktəbdən xaric edəcəklər. Mənim mədaxilimi bilirsən. Çox çətinliklə onların kitablarını, libaslarını düzəldirəm. hər yarım ildə qırx manat, ildə həştad manat eləyir. Mən bunu haradan düzəldim? Uşaqlar məktəbdən çıxarılsa, mən vərəmləyib öləcəyəm.
Usta Zeynal Mirzə Səfərə Həsən ağanın yanına getməyi məsləhət gördü.
Mirzə Səfər neçə dəqiqə usta Zeynalın üzünə baxıb birdən ayağa qalxıb dedi:
- Usta Zeynal, bu nə təklifdir mənə edirsən?! Mən Mirzə Səfər gedim Həsən ağanın ayağına yıxılım? Mən acından ölməyə razı olaram, oğlanlarımın ikisinin də başını kəsərəm, amma gedib Həsən ağa kimi adama yalvarmaram. Qoy uşaqları qovsunlar.
Usta Zeynal bunu eşitdikdə dəzgahın dalından qalxıb gəlib Mirzənin boynunu qucaqlayıb üzündən öpdü.
- Mirzə, mən səni sınayırdım. İndi səndə olan istiqaməti-məzaci aydın görürəm. İndi görürəm ki, sən ağır günündə də gedib heç kəsin ayağına yıxılmazsan. Afərin sənə, Mirzə Səfər! Bu gündən sonra mən malımı, canımı sənin kimi dostun yolunda qoyaram. İndi gəl biz bir iş görək. Sənin məişətin ağır keçir, indi bir az da ağırlaşacaq. Mən də ki, saatsazlığımla səndən çox qazanmıram. Gəl sənin uşaqlarının oxumasına şərik olaq. Oğlunun birinin xərcini sən çək, o birisininkini də mən çəkim. İldə həştad manat sənin üçün ağır yükdür. Amma qırx manat döy-sındır düzəldərsən. Mənim də gücüm çatar.
Mirzə Səfər usta Zeynalın boynunu qucaqlayıb, başladı üzündən öpməyə. Bir də usta Zeynal baxıb gördü ki, Mirzə Səfərin gözlərindən yaş axır.
- Ağlamaq lazım deyil, Mirzə, sən indiyədək heç kəsdən minnət götürməyibsən. Amma mən səninlə iyirmi. ildən artıqdır ki, dostam, bu mənim qardaşlıq töhfəmdir. Əmi qardaşı oğluna töhfə verəndə nə olar?
Usta Zeynal qarşısındakı çayçını səslədi. Çayçı iki stəkan çay gətirib, qoyub getdi.
- Mirzə, çay iç, ürəyin toxtasın. Dünyadır, belə də getməz.
Mirzə çay içib, bir qədər də usta Zeynalla söhbət edib gəldi evə.
Ayın on beşində Mirzənin oğlanları qırx manat aparıb məktəb haqqı verdilər. Mirzə Səfərin oğlanları ikisi də bir ildə məktəbi tamam etdilər. Bu münasibətlə Mirzə bir plov verdi. Məlum ki, qonaqlarının əzizi usta Zeynal idi.
Uşaqlar bir neçə gün dincəldikdən sonra bir axşam Mirzə usta Zeynalı şama dəvət etdi. Çörək yedikdən. sonra Mirzə üzünü usta Zeynala tutub:
- Usta Zeynal, bu uşaqlar qurtarıblar, bunları belə qoymaq olmaz, yarımçılıqdan fayda olmaz. Mənim bunları ali məktəbdə oxutmağa qüvvəm çatmaz. Sən də indiyədək mənə bəqədri məqdur kömək edibsən. İndi bir tədbir lazımdır.
Usta Zeynal fikrə ketdi. Bu halda Mirzənin kiçik oğlu atasına üzünü tutub dedi:
- Ata, ayda on beş manat qardaşıma göndərə bilərsən?
- Yox, oğul, gücüm çatmaz. On manat bəlkə... Bəs sən?
- Mən bir belə fikir eləmişəm, qardaşım getsin oxumağa. Mən də burada başlayım dövlətlilərin uşaq-larına dərs verməyə. Qazandığım pulu göndərim qardaşıma. O qurtarıb gələndən sonra da mən gedərəm, o mənə pul göndərər. Bəlkə mən dərs verməkdən o qədər pul qazandım ki, heç sənin on manatına ehtiyac olmadı.
Bu məsləhəti hamı xoşladı,
Bir gün Mirzə Səfər Rastabazardan ötərkən qulağına səs gəldi:
- Mirzə Səfər, Mirzə Səfər!
Dönüb gördü ki, o səsləyən Həsən ağadır, tacir hacı Qulunun dükanında oturub oradan əl edir. Mirzə, Həsən ağaya tərəf getdi.
- Ağa, nə buyurursan? hacı Qulu, salaməleyküm! Həsən ağa dedi:
- Mən səni gözaydınlığı verməyə çağırdım, eşitdim uşaqların məktəbi qurtarıblar, gözün aydın!
- Sağ ol, ağa!
- Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər yanıma gəlsinlər, bir söhbət edək.
- Nə üçün gəlsinlər, ağa?
- Necə nə üçün? Məktəb qurtarıblar, ağsaqqala gərəkdirmi bir vizit versinlər. Baxım görüm nəyə ləyaqətləri var, bir əməlli qulluğa qoyum işləsinlər, sən də bir qədər istirahət elə.
- Ağa, qulluğa qoymaq fikrim yoxdur, istəyirəm uşaqlarımı ali təhsil almış görüb, gözlərimi yumum.
- A kişi, sən bir kasıb adamsan, ali təhsil görmüş uşaqları sən neyləyirsən? Ali təhsilin ildə min manatdan çox xərci var. Mən oğluma ayda yüz manat köndərirəm, yenə «gördüm» demir. Sənə varlılarla tarazıya girmək nə yaraşır? Yorğanına bax, ayaqlarını uzat!
- Ağa, məsləhətiniz çox gözəldir, ömrünüz uzun olsun, siz həmişə mənim uşaqlarımın qeydinə qalıbsınız. Onlar ancaq sizin kölgənizdə oxuyub dərsi tamam ediblər. Çox razıyam sizdən. Üç il bundan qabaq uşaqlar haqqında etdiyiniz yaxşılıq indi də mənim yadımdan çıxmır.
Həsən ağanın rəngi dəyişdi:
- Nə demək istəyirsən, bu eyhamların mənası nədir?
- Bir məna yoxdur, ağa! Ovqatınız təlx olmasın. Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vəgüzar ediniz. Nə vaxtda sizin qapınıza gəlib çörək istəsəm, nökərlərə buyurun məni qovsunlar. Bağışlayın, başağrısı verdim. Xidmətinizdən mürəxxəs olaq. Xudahafiz, hacı Qulu.
Mirzə Səfər getdi, Həsən ağa hacı Quluya:
- Görürsən, hacı, xalq nə payədə qudurub?! hər qor-qoduq özünü adam cərkəsinə qoşur. Buna deyən gərək: «Ay qoturun biri, sən neyləyirsən ali təhsil görmüş oğulu? İki oğlun məktəbi ta mam ediblər, çox gözəl, hərəsini bir işə qoy, səni dolandırsınlar». Camaat gəldikcə qudurur. Verdiyi cavaba bax!
Həsən ağa ovğatı təlx qalxıb ketdi evinə.
İki aydan sonra Mirzə Səfərin böyük oğluna tədarük görüb Rusiyaya yola saldılar. Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol və müvəffəqiyyət diləyib bir qızıl saat da peşkeş verdi.
Mirzə Səfərin kiçik oğlu başladı dövlətli balalarına dərs verməyə. Müəllimlikdə böyük qabiliyyət göstərdiyinə, işləri gün-gündən tərəqqi etməkdə idi, qardaşına nəinki artığınca pul göndərirdi, hətta ay-baay bir qədər də öz gələcəyi üçün kənara qoyurdu.
Bahar fəslinin axırında Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi.
Bir-iki gündən sonra Həsən ağa Mirzəni bazardan keçən görüb çağırdı:
- Mirzə Səfər, bir buraya zəhmət çək. Mirzə gələndə onun əlini bərk sıxdı:
- Dünən oğlunu gördüm, maşallah, yaxşı oğlana oxşayır, ona deginən bir mənim yanıma gəlsin, deginən əmin xahiş edirdi ki, sabah axşama çaya qonaq gələsən.
Mirzə təəccüblə ağanın üzünə baxdı:
Bilirsiniz, ağa, mənim oğlum bu saat məndən ağıllıdır. Mən ona heç bir məsləhət görə bilmərəm, öz təklifini özü yaxşı bilir.
Sən ona deginən, oğlun Yevropa adətlərinə, yəqin, bələddir, özü bilir ki, ağsaqqallara vizit vermək lazıımdır.
- Baş üstə, deyərəm. Xudahafiz, Həsən ağa dübarə Mirzəyə əl verdi.
Mirzə Səfər ölüm bəstərində idi. Böyük oğlu təbib bir yanında əyləşib tez-tez atasının sinəsinə yaş məhrəba salırdı, lazım olduqca atasına dərman içirdirdi. Kiçik oğlu mühəndis böyük qardaşının əmrlərinə itaət edirdi. Əczaxanaya getmək, həkim yanına yüyürmək, kətan islatmaq və sairə. Usta Zeynal da bir tərəfdə məyus əyləşib dostunun üzünə baxırdı. Mirzə gözlərin açdı.
- Balalarım yavuğa gəlin, əlinizi mənə verin. Oğlanlarının əllərini aldı əllərinə.
- Balalarım, dünyada mən çox ömür etmişəm. Sizin yolunuzda nə qədər çalışıb məramıma çatmışam və xatircəm, qeydsiz dünyadan gedirəm. Cəmi ömrümü işimdə təmiz olmuşam. Bir adama təməllüq, yaltaqlıq eləməmişəm, sizə mənim vəsiyyətim: ac qalsanız da Həsən ağa kimi adamlara gedib yalvarmayın. Onun tək adamlardan uzaq qaçın. Siz təmiz, namuslu dolanarsınızsa, həmişə müvəffəqiyyət sizi tapar. Mən gedirəm. İkinci sizə vəsiyyətim: bu usta Zeynalı həmişə ata gözünlə görərsiniz. Mən dünyada ancaq onda etibar gördüm.
Mirzə Səfər bu sözləri deyib həmişəlik gözlərini yumdu.
Mirzənin ölməyinin xəbəri şəhərə yayıldı. Oğlanlarının xatirəsi üçün tamam şəhərin tüccarı, əyanı onun dəfnində iştirak edirdilər. hətta Həsən ağa da təşrif gətirmişdi.
Mirzənin dəfnindən sonra neçə gün xalq oğlanlarının yanına sər-səlamətliyə gəlib getdilər. Bu gəlib-getməklik rəsmiyyət idi. Ancaq bir nəfəri Mirzənin vəfatı yandırırdı.
O adam usta Zeynal idi.