Səhifəni çap et
Cümə axşamı, 30 Avqust 2012 15:34

YAY SƏHƏRİ (Əkinçilər, - yay gecəsiydi kənddə...)

Abbas Səhhət

 

YAY SƏHƏRİ

(Əkinçilər, - yay gecəsiydi kənddə...)

 

Əkinçilər, - yay gecəsiydi kənddə,-

Yorğun-arğın yeni çimir etmişdi.

Arvad, uşaq xırmanlarda, həyətdə

İşdən qurtarmış, uykuya getmişdi.

Birdən xoruzlar hinlərdə banladı,

Qarı nənə sübh olduğun anladı.

 

Səs eylədi,-oyandı oğlu, əri,  

Əsnəyərək qalxdı yataqdan bular,

Çağırdılar nökərləri, rəncbəri,

Oyandılar səsə qohum-qonşular.

Azan səsi gəlir minarələrdən,

Çıxır çölə xəlayiq darələrdən.

 

Böyük-kiçik, rəiyyət, xanım, ağa

Yapışdılar hər biri bir peşəyə:

Gəlin gedir inəkləri sağmağa,

Odun gətirməyə nökər meşəyə,

Biri gedib ələf tökür kəllərə,

Biri baxır xırmandakı vəllərə.

 

Günəş çıxır, dağdan uçur dumanlar

Həvəslə istinin, tozun içində

Çalışırlar bu bir yığın insanlar

Xırmanlarda, tarlalarda, biçində.

Bu zəhmətlər şərh olunmaz, uzundur,

İnsaniyyət həp bunlara mədyundur.

Oxunub 5308 dəfə