Azərbaycanda 300-ə qədər uşaq ürək əməliyyatı üçün növbə gözləyir
Azərbaycanda 300-ə qədər uşaq ürək əməliyyatı üçün növbədə dayanıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.
Nazir müavinin sözlərinə görə, 3 il əvvəl ölkədə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait əsasında Elmi-Cərrahiyə Mərkəzinin nəzdində Uşaq Cərrahiyə Mərkəzi yaradılıb. İndiyədək burada 250 uşaq üzərində müxtəlif çeşidli ürək əməliyyatları keçirilib. Növbədə dayanmış 300 uşağın əməliyyatı isə bir il ərzində həyata keçiriləcək.
18 saylı orta məktəbdə 3D effektli dərs vəsaitinin tətbiq olunduğu fənn kabineti açılıb
Sentyabrın 25-də Bakının qocaman təhsil ocağı olan, Yasamal rayonundakı 18 saylı orta məktəbdə 3D effektli dərs vəsaitinin tətbiq olunduğu fənn kabinetinin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, təqdimatda çıxış edən məktəbin biologiya müəlliməsi Lalə Qurbanova bildirib ki, bu texnologiyadan zoologiya, botanika və insan fənlərinin tədrisində istifadə ediləcək.
Onun sözlərinə görə, kabinetdə VI-IX sinif şagirdləri üçün dərslər keçiriləcək: “3D effektli dərs vəsaitinin tətbiq olunduğu kabinet Azərbaycanda ilk dəfə olaraq bu məktəbdə təşkil edilib. Layihənin əsas məqsədi şagirdlərin tədris prosesinə diqqət və marağını artırmaqdır”. L. Qurbanova gələcəkdə bu cür dərslərin X və XI sinif şagirdləri üçün də keçirilməsi üçün təkliflər hazırlandığını deyib.
“ELS” Araşdırmalar Mərkəzi “Vətəndaş cəmiyyətinin formalaşmasında mədəniyyətin strateji rolu” mövzusunda konfrans keçirdi
“Gənc nəslin yetişdirilməsi gələcəyini düşünən hər bir xalq, hər bir dünyavi ölkənin strateji məsələlərindən biri və bəlkə də ən vacibidir”. Bunu sentyabrın 20-də Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Uşaq internet portalı resurslarını inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Vətəndaş cəmiyyətinin formalaşmasında mədəniyyətin strateji rolu” mövzusundatəşkil etdiyi tədbirdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bəyan edib.
“Kitab karvanı-İpək yolu ilə”
F.Köçərli adına Respublika Uşaq Kitabxanası Cənub bölgəsinə yollanır
F.Köçərli adına Respublika Uşaq Kitabxanası sentyabrın 20-də “Kitab karvanı-İpək yolu ilə” adlı aksiyanı keçirmək üçün Azərbaycanın Cənub bölgəsinə yollanır. Cəlilabad, Masallı, Astara, Lerik və Yardımlıda keçirilməsi nəzədə tutulan tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyilə baş tutacaq. Qeyd edək ki, layihəyə ötən il Gəncə, Goranboy, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarından start verilib. Sentyabrın 28-dən oktyabrın 4-ə qədər davam edən aksiya zamanı hər bir rayonun MKS-in uşaq şöbəsinə və filiallarına 900 kitab hədiyyə edilmişdir.
“ELS” Müstəqil Araşdırma Mərkəzinin müraciətləri nəticə verməyə başlayır?
Yaşayarıq görərik
Uzun müddət Azərbaycanda uşaq verilişləri, bədii və cizgi filmlərinin çəkilməsi, o cümlədən ayrıca “Uşaq Televiziyası”nın yaradılması ilə bağlı monitorinq və rəy sorğuları, ictimai müzakirələr və debatlar təşkil edən “ELS” Müstəqil Araşdırma Mərkəzi təkliflər paketi ilə dövlət başçısına müraciət etmişdir.
Qurumun 2 il müddətində bu istiqamətdə gördüyü işlər öz bəhrəsini verməyə başlayır. Bu günlərdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli APA-ya müsahibəsində Azərbaycanda uşaqlar üçün serialların çəkiləcəyini dilə gətirib. Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, hazırda ölkədə uşaqlarla bağlı verilişlərin sayı və keyfiyyəti çox aşağıdır: “Biz çalışacağıq ki, telekanallara növbəti maliyyə ayrılanda uşaqlarla bağlı da seriallar çəkilsin. Uşaqlarla bağlı layihələrə üstünlük veriləcək. Sujet xətti uşaqların həyatı, istəkləri olan filmlərin çəkilməsini çox istərdik”.
UNİSEF: Azərbaycanda uşaq ölümünün səviyyəsi son 20 ildə iki dəfə azalıb
BMT-nin açıqladığı son hesabata əsasən, Azərbaycan uşaq ölümünün səviyyəsinə görə, 195 ölkə sırasında 61-ci yeri tutur. APA-nın məlumatına görə, bu barədə BMT Uşaq Fondunun (UNİSEF) açıqladığı hesabatda qeyd olunur. Hesabatda son 20 ildə Azərbaycanda 5 yaşa qədər uşaqlar arasında ölüm hallarının 53 faiz azaldığı bildirilir. 1990-cı ildə Azərbaycanda dünyaya gələn hər min uşaqdan 95-i beş yaşlına çatmamış ölürdüsə, ötən il bu rəqəm hər min uşağa 45 fakt təşkil edib. Ölkəmizdə 5 yaşa qədər uşaqlar arasında ölüm hallarının əsas səbəbləri doğuş zamanı meydana çıxan problemlər, sətəlcəm, ishal, travma hallarıdır.