Azərbaycanın ilk telekommunikasiya peyki orbitə buraxılıb
Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan Azərbaycanın ilk milli süni telekommunikasiya peyki «Azerspace-1» geostasionar orbitə çıxarılıb
«APA-Economics»in məlumatına görə, ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən istehsal olunan «Azerspace-1» peyk «Ariane-5» kosmik daşıyıcısı ilə orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.
Gənc yazar, Bakı şəhər 177 saylı körpələr evi-uşaq bağçasının musiqi rəhbəri Səbinə Haqverdiyevanın yeni şerini təqdim edirik:
Mən anamı çox sevirəm
Mən anamı çox sevirəm
Oyuncaqlar almasa da.
Mən anamı çox sevirəm
Məni yada salmasa da.
Bu nə duyğu, bu nə hissdir?
Desələr də anam pisdir
Mən anamı çox sevirəm
O bunu anlamasa da.
Onlara qayğı lazımdır
Son 6 ildə internat və uşaq evlərində tərbiyə alan uşaqların sayı 2,5 dəfə azalmışdır
Son illər Azərbaycanda uşaq evləri və internatlarda kimsəsiz uşaqların sayının nəzərə çarpacaq dərəcədə azalması dövlətin bu sahədəki siyasətinin müsbət nəticələrindən xəbər verir. Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının həyata keçirilməsi nəticəsində rəsmi statistikaya görə, 2012-ci ildə ölkə üzrə 589 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb, 10 uşaq övladlığa verilib. Son 3 il ərzində isə övladlığa verilən uşaqların sayı 34 nəfər olub. Ötən il valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat evlərində və uşaq müəssisələrində yaşayan 123 uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamları ilə bu müəssisələrdən öz bioloji ailələrinə və yaxın qohumlarının himayəsinə qaytarılıb.. Böhran vəziyyətində olan və uşaqlarını dövlət müəssisələrinə yerləşdirmək üçün yerli icra orqanlarına müraciət etmiş və müsbət sərəncam almış 23 uşağın ailəsinə müxtəlif xidmətlər göstərməklə onların dövlət uşaq müəssisələrinə yerləşdirilməsi ilə bağlı sərəncamlar ləğv edilib.
Kulturologiya elm kimi tədris olunmalıdır
Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycan Kulturoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Atatürk Mərkəzində “Kulturologiya və etik mədəniyyət” mövzusunda kulturoloji seminar keçirilib.
“Simurq” Assosiasiyasının prezidenti Fuad Məmmədov tədbirin prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması çərçivəsində keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, mütəxəssislər, o cümlədən xarici mütəxəssislər arasında elmi biliklər mübadiləsinə, gənclər və bütövlükdə ölkə əhalisinin maarifləndirilməsinə çalışmaq lazımdır. F.Məmmədovun qənaətinə görə, kulturologiya və mədəniyyətşünaslıq ali tədris ocaqlarında elm kimi tədris olunmalıdır.
Hər beşinci uşağa müavinətin məbləği artır
Azərbaycan ailələrində dördüncü uşaqdan sonra doğulacaq hər uşağa görə verilən müavinətin məbləği artırılacaq və onlara ərzaq üçün talonlar veriləcək. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsində nəzərdə tutulub.
Azərbaycanda 5 və daha çox uşağı olan ailələrin vergidən azad olunması gözlənilir
Azərbaycanda 5 və daha çox uşağı olan, o cümlədən övladlığa götürülmüş uşaqları olan, onları 18 yaşınadək tərbiyə edən ailələrin vergidən azad olunması gözlənilir. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsində və yeni sənədə uyğun olaraq müvafiq qanunvericiliyə ediləcək digər dəyişikliklərdə nəzərdə tutulub.