Prezident: “Uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin uşaqlarla bağlı siyasətinin əsas istiqamətlərindəndir"
“Uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin uşaqlarla bağlı siyasətinin əsas istiqamətlərindəndir. Uşaqların problemləri ilə məşğul olan dövlət qurumlarının gündəlik fəaliyyəti hər birinizin vicdan, fikir və söz azadlığınıza hörmətlə yanaşılmasına və hüquqlarınızın tam təmin edilməsi üçün əlverişli mühitin yaradılmasına yönəlib”. APA-nın xəbərinə görə, bu fikirlər prezident İlham Əliyevin Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına ünvanladığı təbrik məktubundandır.
Heydər Əliyev Mərkəzində “Uşaq ürəkləri Azərbaycanda döyünür” şüarı altında beynəlxalq konfrans keçiriləcək
Noyabrın 20-dən 22-dək Heydər Əliyev Mərkəzində “Anadangəlmə Ürək Xəstəliklərində Yeniliklər" (Update in congenital heart diseases) adlı beynəlxalq konfrans keçiriləcək. Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, “Uşaq ürəkləri Azərbaycanda döyünür” (Children’s hearts beat in Azerbaijan) şüarı altında təşkil olunacaq beynəlxalq konfrans 20 Noyabr - Ümumdünya Uşaqlar Gününə həsr edilib.
Bu gün Azərbaycanda Konstitusiya günüdür
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür. APA-nın məlumatına görə, müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 19 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir.
İradə Yaqubova “Addım-addım” proqramının qonağı olub
Noyabrın 7-də musiqinin insanın şüuruna təsiri, uşaq mahnıları, orta məktəblərdə keçirilən musiqi dərsləri və s. bu kimi aktual məsələlər “ElS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın digər ekspertlərlə birgə iştirak etdiyi İctimai Televiziyanın “Addım-addım” verilişində müzakirə predmeti olmuşdur.
İ.Yaqubova təşkilatın bu istiqamətdə 2011-ci ildən bugünədək apardığı fəaliyyət, həmçinin AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsi çərçivəsində görülən işlər barədə ətraflə məlumat verərək, uşaq musiqisinin tərbiyəvi təsir gücünə malik olduğunu və insanın formalaşmasında aparıcı rol oynadığını vurğulayıb. VİDEO
Ölməz əsərləri ilə yaşayan dahi bəstəkar
Tofiq Quliyev… Azərbaycan caz və estrada, kino musiqisinin banisi, XX-ci əsrdə yaşayıb-yaradan, istər böyüklər, istərsə də uşaqlar tərəfindən sevilən dahi bəstəkar, dirijor və pianoçu. Bu gün, noyabrın 7-də Tofiq Quliyevin dünyaya göz açdığı gündür.
Bir çox simfonik əsərlərin müəllifi olan Tofiq müəllim XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələri, o cümlədən "Bakı payızı"nı yaratmışdır. Nəvəsi Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün "Cəmilənin albomu" uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. O, “Bəxtiyar”, “Ögey ana”, “Möcüzələr adası”, “Şir evdən getdi” “Qayğı”, “Şəfa nəğməsi”, “Qardaşlıq köməyi”, “Əbədi Odlar ölkəsi” və bir çox bədii və sənədli filmə musiqi bəstələmiş, bununla da adını Azərbaycan kino tarixinə əbədi olaraq qızıl həriflərlə yazmışdır.
Təhsil Nazirliyi: Azərbaycanda nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmirlər
“Azərbaycanda eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi və məktəb direktorları tərəfindən müəyyən şagirdlərlə bağlı məlumatların gizlədilməsi hallarına rast gəlinir. Təhsil Nazirliyində həmin məktəb direktorları ilə bağlı məlumatlar var”. APA-nın xəbərinə görə, bunu nazirlikdə keçirilən mətbuat konfransında İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.
O bildirib ki, hətta nəinki şagirdlər, bəzən müəllimlər də dərsə getmirlər: “Bununla bağlı daha çox təbliğatı işlər görülməlidir. Azərbaycanda 4500-dən çox məktəb var. Təhsil Nazirliyinin resursları bütün məktəblərdə nəzarət etmək imkanı vermir. Şagirdlərin dərsə getməməsi halları isə daha çox kənd məktəblərində baş verir. Yəni uşaqlar dərsdən yayınaraq müxtəlif təsərrüfat işləri ilə məşğul olurlar”.