Səhifəni çap et
Cümə, 06 İyul 2012 00:30

UNISEF və «Azersun Holding» uşaqlara dəstək üzrə tərəfdaşlığa başlayıb

Unisef ve Azersun Holding ushaqlara destek uzre terefdashliga bashlayib 050712-3BMT-nin Uşaq Fondu (UNISEF) və «Azersun Holding» Şirkətlər Qrupu Azərbaycanda uşaqlıq dövrünə xas əlillik hallarının azaldılmasına yönəlmiş səylərində Azərbaycan hökumətini dəstəkləmək üçün birgə fəaliyyətə başlayıb. «APA-ECONOMICS»in məlumatına görə, bununla bağlı ötən gün Bakıda keçirilən razılaşmanın imzalanması mərasimində UNISEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard bildirib ki, təmsil etdiyi təşkilat korporativ sektorun uşaqlar üçün səfərbərlik edilməsi üçün beynəlxalq korporasiyalar və yerli şirkətlərlə sıx əməkdaşlıq edir: «Biz ümid edirik ki, «Azersun» Şirkətlər Qrupu ölkədə uşaqların rifahının yaxşılaşdırılmasına töhfə vermək üçün müəyyən edilmiş təşəbbüslərimizdə uzunmüddətli tərəfdaşımız olacaq».

UNISEF nümayəndəsi qeyd edib ki, Azərbaycanda əlilliyi olan təxminən 60 min uşaq qeydiyyata alınıb: «Onlar digər uşaqların malik olduqları imkanlardan məhrum olaraq böyüyürlər. Əlilliyi olan uşaqlar bütün dünya uşaqlarının ən çox damğalanma və təcridə məruz qalanlar sırasındadır».

Tədbirdə bildirilib ki, Azərbaycanda ən çox yayılmış əlillik növü fiziki əlillikdir, sonra isə sensor və əqli qüsurlar sıralanır. Əlillik hallarının əksəriyyəti körpənin anadan olduğu dövrdən və ya erkən uşaqlıq dövründən qaynaqlanır. Bu halların erkən aşkarlanması, profilaktikası və erkən müdaxiləsi isə onların qarşısının alınmasında mühüm rol oynayır.

«Azersun» Şirkətlər Qrupunun baş direktoru Əhməd Yaman qeyd edib ki, UNISEF-lə əməkdaşlıq Azərbaycan uşaqlarının rifahına töhfə verəcək: «Əlilliyi olan uşaqlar bir çox çətinliklərlə üzləşirlər və ümid edirik ki, bu təşəbbüs uzunmüddətli perspektivdə bir çox insanların sağlamlığına müsbət təsir göstərəcək».

Qeyd edək ki, bu sahədə bir illik əməkdaşlığı nəzərdə tutan müqaviləyə əsasən, «Azersun Holding» kağız məhsullarının («Sun peper» və «Aura») üzərində UNISENF-in loqosunu və ismarıcını (uşaqlıq dövrünə xas əlilliklərin erkən aşkarlanması və erkən profilaktikası) əks etdirməklə öz alıcılarını UNISEF-in fəaliyyətini dəstəkləməyə həvəsləndirəcək. Bundan başqa, şirkət UNISEF-ə bu sahədə proqramlarını reallaşdırmaq üçün 25 min manat vəsait ayıracaq.

M.Herevardın sözlərinə görə, bu vəsaitlər bir il ərzində bir neçə istiqamətdə istifadə olunacaq. Əvvəla bu vəsaitlər hesabına uşaqlıq dövrünə xas olan əlillik hallarının erkən aşkarlanması və profilaktikasına dair klinik protokollar hazırlanacaq. Bundan başqa, UNISEF 7 prenatal mərkəzdə müvafiq tibbi heyətin təlimləndirilməsi, əlillik hallarının erkən aşkarlanıb profilaktikası sahəsində həkimlərə müvafiq təlimlərin keçirilməsi və avadanlıqların alınması üçün istifadə olunacaq.

Oxunub 2351 dəfə