Səhifəni çap et
Cümə, 25 May 2012 12:25

Bakı Zooparkı iyunun 1-dən yay rejiminə keçəcək

zoopark

Bakı Zooparkında ilk dəfə olaraq Emu dəvəquşusu balalayıb. Bu barədə APA-ya Bakı Zooparkının direktoru Azər Hüseynov bildirib. Onun sözlərinə görə, Avstraliya emusundan 2 baş bala alınıb. A. Hüseynov Zooparkdakı digər heyvan və quşların da nəsil artırdığını deyib. 

Xarici ölkələrin zooloji parkları ilə Bakı Zooparkı arasında həyata keçiriləcək mübadilələr barədə məlumat verən A. Hüseynov bildirib ki, bu yaxınlarda heyvanat bağına ilk dəfə olaraq alpako gətiriləcək. Onun sözlərinə görə, zooparka ağ kenquru və müxtəlif quşların gətirilməsi də planlaşdırılır: “Ağ kenquru Çexiya zooparkından gətiriləcək. Bu növ kenquruya hər zooparkda rast gəlinmir. Bu bizim heyvanat bağına gələn uşaqlar üçün çox maraqlı olacaq”. Zoopark direktoru Bakı Zooparkından isə xaricdəki zooparklara Sultan toyuğu, leş yeyən qartal, ağbaş çərkəz və digər heyvan və quşların veriləcəyini deyib.

A. Hüseynov Bakı Zooparkının iyunun 1-dən yay rejiminə keçəcəyini də bildirib. Onun sözlərinə görə, bununla bağlı bəzi heyvanların yemlənməsində və yaşayış yerlərində dəyişikliklər ediləcək: “Məsələn elə heyvanlar var ki, onlara qışda daha çox kalorili yeməklər verilirdi, yayda bu bir az azaldılacaq. Yay rejimində qızıl qazlar gölə buraxılır, meymunlar bayıra çıxarılır, ilan və timsahlar isə seyrçilərin daha yaxşından görmələri üçün seksiyalara yerləşdirilir”. 

Oxunub 2070 dəfə