Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının günləri yenidən dəqiqləşdiriləcək
“Azərbaycanda aliməktəblərə qəbul imtahanlarının günləri yenidən dəqiqləşdiriləcək”. APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Komissiya sədri bu il qəbul imtahanlarının tarixlərinin TQDK tərəfindən aprelin əvvəlində rəsmi olaraq elan edildiyini xatırladıb: “Bu tarixlər aprelin 19-da ölkə prezidentinin fərmanı ilə komissiyanın səlahiyyətləri genişlənməmişdən əvvəl açıqlandığından biz qəbul imtahanlarının tarixlərinin dəyişəcəyini elan etdik”.
M. Abbaszadə deyib ki, TQDK ölkə üzrə bütün buraxılış imtahanlarının cədvəlini müəyyənləşdirib: “İyulun 4-də sonuncu buraxılış imtahanıdır. Nəzərdə tuturduq ki, ölkə üzrə buraxılış imtahanları elə iyulun 4-də bitəcək. Amma indi müxtəlif problemlər ortaya çıxır. Hazırda eksternat qaydada imtahan verənlərin, əvvəlki illərdə imtahanlarda uğur qazanmayanların siyahısı formalaşır və hələ bizə təhvil verilməyib. Bu gündən başlayaraq mayın 30-dək bizə bu məlumatlar gəlir. Amma tam təsdiqlənməyib. Ona görə də biz hələ ki bu imtahanlarda nə qədər adamın iştirak edəcəyini bilmirik. İyulun 8-də bütün ölkə üzrə imtahana gəlməyən, problemi olan, əvvəlki illərin məzunları ilə əlaqədar imtahan keçirəcəyik. Bizə vaxt lazımdır. Biz elə bilirdik ki, baza tam təmizdir. Bununla əlaqədar biz bu siyahıları mayın 30-na qədər əldə edəndən və yoxlama prosesinə başlayandan sonra biləcəyik ki, iyulun 8-də keçiriləcək imtahanda nə qədər adam iştirak edəcək. Bundan sonra biz qəbul imtahanlarının tarixlərini dəqiq elan edəcəyik”.