Gəncə və Göygöldə «Uşaq hüquqları üzrə Pilləli tədris layihəsi»nə yekun vurulub
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə Gəncə və Göygöldə həyata keçirilən «Uşaq hüquqları üzrə Pilləli tədris layihəsi»nə yekun vurulub. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qərb bölgəsinə səfəri zamanı Müvəkkil “Uşaq hüquqları üzrə pilləli tədris layihəsi”ndə iştirak etmiş Gəncə və Göygöl məktəblərində olub.
Gəncə şəhər 39 nömrəli və Göygöl şəhər 4 nömrəli orta ümumtəhsil məktəblərində həmin tədris proqramının müvəffəqiyyətlə başa çatması təntənəli qeyd edilib, proqramı uğurla başa vuran şagirdlər, həmçinin fərqlənmiş müəllimlər sertifikatlarla təltif olunub. Ombudsman Gəncə şəhərində görkəmli ictimai xadim və yazıçı Mir Cəlal Paşayevin adını daşıyan 39 nömrəli məktəbdə onun və tanınmış alim Aida xanım İmanquliyevanın muzey otaqları ilə tanış olub, onlar barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Ombudsman bildirib ki, uşaqların iştirakı ilə gerçəkləşdirilən, müvafiq modullar əsasında tətbiq olunan layihə orta məktəblərdə uşaq hüquqlarının öyrənilməsinə öz töhfəsini verməklə yanaşı, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasında mühüm rol oynayır. Tədbirdə “Uşaq hüquqları üzrə Pilləli tədris proqramı»nı uğurla bitirmiş şagirdlər insan hüquqlarını, vətənpərvərliyi, hüquq mədəniyyətini və dözümlülüyü özündə əks etdirən, böyük marağa səbəb olmuş səhnəciklər nümayiş etdirib, vətənpərvərlik mövzusunda şeirlər oxuyublar.
Sonda Müvəkkilin təşəbbüsü ilə digər məktəblərdə olduğu kimi, burada da yaradılmış “Uşaq hüquqlarının tədrisi mərkəzi”nin açılışı olub. E.Süleymanova hər iki məktəbin kollektivinə təsisatda hazırlanmış “Uşaq hüquqları hamı üçün” adlı kitabı, “Uşaq hüquqları üzrə pilləli tədrislə bağlı seçilmiş mövzular” adlı dərs vəsaitini və Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin 10 illik fəaliyyətinə həsr edilmiş kitabı və digər hüquqi nəşrləri təqdim edib.