İlham Əliyev ailəsi ilə birgə "Gül bayramı"nda olub
Azərbaycan xalqının ümummilli lideri, siyasi xadim Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda təşkil olunmuş Gül bayramında dövlət başçısı İlham Əliyev və ailə üzvləri iştirak edib.
Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postament ağ güllərlə hörülmüşdür. Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət edərək başdan-başa bahar ətirli güllərə qərq olmuş parkın gözəlliyini seyr ediblər. Müxtəlif güllərdən yığılmış “xalça”lar və türk dünyasının böyük oğlu Heydər Əliyevin tər çiçəklərdən “toxunmuş” portret xalçası orijinallığı ilə göz oxşayıb. Cürbəcür çiçəklərdən yığılmış “89” rəqəminin təsvir olunduğu kompozisiya da diqqəti cəlb edib.
Bu gün xüsusi görkəm almış parkda diqqəti çəkən kompozisiyalardan biri də tarixi abidələrimizin təsviridir. Bu baxımdan Qız qalası, Qoşa Qala qapısının güllərdən hazırlanmış maketi xüsusi fərqlənir. Park həm də nağıllar aləmini xatırladıb. Burada Azərbaycanın və dünya xalqlarının nağıllarının əlvan güllərdən hazırlanmış qəhrəmanları var. Gül və müxtəlif nağıl qəhrəmanları kimi bəzənmiş, bayramı daha da gözəlləşdirən uşaqlar Prezident İlham Əliyevi və ailə üzvlərini özlərinə xas səmimiyyətlə salamlayıblar.
Dövlət başçısı və ailə üzvləri uşaqlarla söhbət edib, ulu öndər Heydər Əliyevin gül-çiçəyə qərq olmuş abidəsi önündə fidan balalarla xatirə şəkli çəkdiriblər.