Cümə, 11 May 2012 14:57
Buzovnada uşaq evinin yay istirahət düşərgəsinin açılışı olub
Mayın 9-da Xətai rayonundakı 3 saylı uşaq evinin Xəzər rayonunun Buzovna qəsəbəsindəki yay istirahət düşərgəsinin açılışı olub. APA-nın xəbərinə görə, düşərgənin əsaslı təmirdən sonrakı açılışı mərasimində birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da iştirak edib.
M. Əliyeva Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2010-cu ildən yenidən qurilmasına başlanılmış düşərgədə yaradılmış şəraitlə tanış olub. Dördmərtəbəli, 120 yerlik düşərgədə uşaqlar üçün istirahət, əyləncə, müxtəlif tədbirlərin keçirilməsi üçün zallar, kompüter otağı, kitabxana, futbol meydançası yaradılıb.
Qeyd edək ki, Xətai rayonundakı 3 saylı uşaq evi 1937-ci ildən fəaliyyət göstərir. Burada 3 yaşdan 18 yaşa qədər valideyn himayəsindən məhrum olmuş 102 uşaq yaşayır və tərbiyə olunur. Əvvəllər bu müəssisədəki uşaqlar yay istirahətlərini Buzovna qəsəbəsindəki sağlamlıq zonasında keçirsələr də, 1991-ci ildən bura yaşayış üçün yararsız hala düşdüyündən fəaliyyətini dayandırıb. 2011-ci ildən isə Heydər Əliyev Fondu buranın əsaslı təmirinə başlayıb və onu balaca sakinlərin istifadəsinə verib.