Milli Məclisdə “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” mövzusunda beynəlxalq konfrans keçirilib
Milli Məclisdə “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə Milli Məclisin rəhbərliyi, deputatlar, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, beynəlxalq ekspertlər, QHT rəhbərləri iştirak edib.
Milli Məclisin (MM) sədr müavini Bahar Muradova tədbirin əhəmiyyətindən danışaraq deyib ki, MM uşaqlara qarşı zorakılıq problemi ilə bağlı Avropa Şurası ilə əməkdaşlıq edir. O, Avropa Şurasının “Uşaqlara qarşı zorakılıq” proqramı çərçivəsində Azərbaycanda keçirilən tədbirlər haqqında da danışıb.
Avropa Şurasının (AŞ) “Uşaqlara qarşı zorakılıq” proqramının Azərbaycandakı parlament əlaqələndiricisi Sevinc Fətəliyeva bu proqrama dövlət tərəfindən 100 min manat ayrıldığını diqqətə çatdırıb. O, dünyada hər 5 uşaqdan birinin zorakılığa məruz qaldığını söyləyib və bu problemi doğuran səbəblərin aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Tədbirdə deputatlar Hadı Rəcəbli, Səməd Seyidov, Gülər Əhmədova, Fəzail İbrahimli, Daxili İşlər Nazirliyinin (DİN) Yetkinlik yaşına atmayanlar arasında profilaktik işin təşkili şöbəsinin rəisi Kamal İmamverdiyev, Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos, ATƏT-in Bakı ofisinin nümayəndəsi Monika Martines, Ombudsman Aparatı, Ailə, Qadın və Uşaq və Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları çıxış ediblər.