Məktəbdənkənar müəssisədə şair-publisist Rafiq Yusifoğlunun “Uşaq dünyası işığı” ədəbi-bədii gecəsi keçirildi
Aprelin 28-də Bakı şəhər 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Əməkdar mədəniyyət işçisi”, "İlin ən yaxşı uşaq kitabı", "Vətən", "Qızıl qələm", "Araz" və s. mükafatların laureatı, şair-publisist Rafiq Yusifoğlunun yaradıcılığına həsr olunmuş “Uşaq dünyası işığı” adlı ədəbi-bədii gecə keçirilib.
Valideynlər, müəllimlər və uşaqların iştirak etdiyi bu tədbirdə şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi, yazdığı şerlər və mahnılar məktəbdənkənar müəssisənin yetirmələrinin ifasında səsləndirildi. Uşaqlar müxtəlif suallarla şairə müraciət etdi və onun kitablarından ibarət sərgi ilə tanış oldular.
Qeyd edək ki, 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində uşaq və yeniyetmələrin milli ruhda formalaşması üçün müxtəlif tədbirlər təşkil olunur, uşaqlara yol hərəkəti qaydaları öyrədilir. Məktəbdənkənar müəssisə “Diqqət piyada!”, “Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!”, “Sürət məsafəni yox, ömrü qısaldır!” kimi layihələr həyata keçirib. Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Rafiq Yusifoğlunun da bu mövzuya müraciət etməsi təsadüfi deyil. Onun “Yollar” kitabında yol hərəkəti qaydaları haqqında, bu yolları çəkən insanlar, sürücülər və maşınlar haqqında söhbət açılır.