Səhifəni çap et
Cümə axşamı, 26 Aprel 2012 11:24

Şagirdlər arasında vətənpərvərlik mövzusunda ifa üzrə müsabiqə keçiriləcək

ifaÜmumi təhsil məktəblərinin şagirdləri arasında 28 May - Respublika Günü münasibətilə vətənpərvərlik mövzusunda ifa üzrə respublika müsabiqəsi keçiriləcək. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının müstəqillik və qəhrəmanlıq mövzularında yazılmış əsərlərinin öyrənilməsi istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, istedadlı uşaqların ifaçılıq qabiliyyətinin inkişafına dəstək verməkdən ibarətdir.

Üç nominasiya (xalq çalğı alətlərində ifa, mahnı, şeir nominasiyası) üzrə keçiriləcək müsabiqə 4 mərhələdən (məktəb, rayon (şəhər), zona və respublika mərhələsi) ibarət olacaq. Müsabiqənin respublika mərhələsinin seçim turu və qaliblərin yekun konserti 2012-ci ilin may ayında Bakı şəhərində keçiriləcək. Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Oxunub 2024 dəfə