Səhifəni çap et
Çərşənbə axşamı, 17 Aprel 2012 12:25

Prezident Ilham Əliyev: “Biz sağlam həyat tərzini təbliğ edirik”

prezident1“Bizim televiziyaların, demək olar ki, hamısı indi mətbəxlə, yeməklərin bişirilməsi, hazırlanması ilə bağlı verilişlər təqdim edirlər. Birincisi onu demək istəyirəm ki, bu da xaricdən gələn bir meyildir. O ölkələrdə ki, evlərdə yemək bişirilmir, onlar üçün bəlkə bu, daha da aktualdır. Azərbaycanda evlərdə bişirilən yemək, indi istənilən restorandan daha da yaxşıdır, ləzzətlidir. Amma bu, bir dəbdir, bizə də gəlib çatıb. Mən etiraz etmirəm, olsun. Ancaq bir şərtlə ki, orada göstərilən reseptlər və yeməklərin bişirilmə qaydaları insanların sağlamlığına mənfi təsir göstərməsin. Mən o verilişlərə hərdənbir baxıram və bəzi hallarda çox ürək ağrısı ilə görürəm ki, indi yağın içində üzən yeməklər təbliğ edilir”.

Dövlət başçısı Nazirlər Kabinetinin bu ilin ilk rübünün yekunlarına həsr olunmuş müşavirədəki çıxışında insan sağlamlığına təhlükə olan keyfiyyətsiz ərzaqlardan danışarkən, televiziya kanallarındakı mətbəx proqramlarına münasibət bildirərkən belə deyib. Onun fikrincə bu, yolverilməzdir və cəmiyyətimizin, xüsusən də yetişən nəslin inkişafı və sağlamlığı üçü təhlükəlidir. “Bu yeməkləri gündə yeyən insan xəstələnəcək. Yəni, nə qədər gülməlidisə, bir o qədər də faciəvidir. Biz sağlam həyat tərzini təbliğ edirik, insanları pis vərdişlərdən çəkindiririk, idmanı təbliğ etdiyini, siqaret çəkənə müsbət münasibət ola bilməz. Alkoqollu içkilərə aludə olanlar qınaq obyektinə çevrilməlidir. Belə olan halda, bizim bəzi kanalların insanlara verdikləri təkliflər əlbəttə ki, çox məyusedicidir”.

Özəl kanalların siyasətinə qarışmaq fikrində olmadığını deyən prezident sadəcə onlara insan orqanizmi üçün sağlam reseptlərin tətbiq edilməsini məsləhət görüb.

Oxunub 2056 dəfə