Səhifəni çap et
Şənbə, 21 Dekabr 2019 10:31

“Nəsimi” bədii filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunub

nəsimi film 1576916882397Avropa.info xəbər verir ki, dekabrın 20-də Nizami Kino Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə, Azərbaycan kinosunun incilərindən sayılan, bərpa olunmuş “Nəsimi” bədii filminin təqdimat mərasimi olub. Təqdimat ANS Şirkətlər Qrupuna Daxil olan “Balans” Milli Rəqəmsal Bərpa Studiyası, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun dəstəyi ilə həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin bu il yanvarın 11-də imzaladığı “2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı” sərəncamı çərçivəsində Mədəniyyət Nazirliyi, Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu və AMKAD-ın (Azərbaycan Milli Kino və Animasiyaya Dəstək) sifarişi ilə ANS Şirkətlər Qrupuna daxil olan “Balans” Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilən “Nəsimi” bədii filmi 1973-cü ildə çəkilib və görkəmli şairin 650 illiyinə həsr edilib.

Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun rəhbəri, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev filmin pozitivində olan texniki qüsurlardan danışaraq, bərpa prosesinin çətinliyini vurğulayıb. “Lakin nəticə olaraq, Azərbaycanın kino incisini xalqımıza yüksək keyfiyyətdə qaytardıq”.

Mərasimdə çıxış edən “Azərbaycanfilm” Kinostudiyasının direktoru Cəmil Quliyev Azərbaycan mədəniyyətinin özəyini təşkil edən kinoların bərpa edilməsində göstərdiyi müstəsna xidmətlərinə görə “Balans” Studiyasına təşəkkürünü bildirib.

Filmdə Fatma rolunu canlandıran Xalidə Quliyeva çıxış edərək bu filmə ayrılan diqqət üçün “Balans” Studiyasına təşəkkür edib, filmin çəkilişləri barədə təəssüratları ilə bölüşüb.

Sonra “Nəsimi” filminin bərpadan sonra ilk nümayişi olub.

Oxunub 1256 dəfə