Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə saat 10.00-dan etibarən Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər tələb olunan sənədlər və SQK-ların ünvanları ilə elanın tam mətnində tanış ola bilərlər.
Müsabiqədə iştirak ödənişlidir.
Qəbul imtahanı iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi üzrə abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 20, riyaziyyat fənnindən 10 və xarici dil fənnindən 15 olmaqla, ümumilikdə 45 tapşırıq təqdim edilir. Tapşırıqların yerinə yetirilməsinə 3 saat vaxt ayrılır.
İkinci mərhələdə hər bir fənn üzrə 30 tapşırıq olmaqla, ümumilikdə Azərbaycan (rus) dili, riyaziyyat və xarici dil fənlərindən 90 qapalı tipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına 3 saat vaxt ayrılır.
Qəbul imtahanının birinci mərhələsində iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent ixtisas seçiminə buraxılmır. Cari ilin məzunu isə buraxılış imtahanının hər hansı bir mərhələsi üzrə imtahanda iştirak etmədiyi halda ixtisas seçiminə buraxılmır.
Qəbul (buraxılış) imtahanlarının nəticələri 2 il qüvvədə olur.