Tədbirdə çıxış edən ekspertlər narkomaniya probleminin son illər kəskin xarakter aldığını, narkomaniyanın acı nəticələri haqqında məlumat verdilər, yeniyetmələri daha diqqətli olmağa çağırdılar. Narkomaniya bir sıra səbəblərə görə baş verə bilər, məsələn, həmyaşıdların təsiri, cansıxıcılıqdan yaxud ailədəki problemlərdən xilas olmaq və s. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova tədbirdən əvvəl məktəblilər arasında keçirdikləri sorğunun nəticələrini açıqladı. Onun sözlərinə görə, narkomanlara münasibət, yeniyetmələrin hansı səbəbdən narkotiki qəbul etməsi, narkotiklərin qəbulunun hansı nəticələr verə biləcəyi və bu kimi suallara verilən cavablardan məlum olur ki, gənc nəsil problemin kökündən xəbərsizdir. İ.Yaqubovanın qənaətinə görə, mütəxəssislər gənclərə daha effektiv üsullarla işləməlidirlər ki, onlar problemi dərk etsinlər və narkotik istifadəçilərinin təsiri altına düşməsinlər.
Ekspertlər hesab edirlər ki, məktəblərdə narkomaniya ilə mübarizəyə dair maarifləndirici tədbirlər gücləndirilməli, uşaqlara narkomaniyanın zərəri, onun törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilməlidir.
Qeyd edək ki, tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələri narkotik maddələrin zərərini açıq şəkildə göstərən səhnəciklər nümayiş etdirdilər.