Səhifəni çap et
Cümə, 25 Yanvar 2019 11:46

Bakının ən yaxşı saytı olan məktəblər müəyyənləşdirildi

mukafatlandirma 240119 01Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Trend-in məlumatına görə, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə həyata keçirilir.

Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin nəticələrinə görə, Binəqədi rayonu üzrə 246 nömrəli məktəb-lisey, Sabunçu rayonu üzrə 67, Xətai rayonu üzrə 191, Nərimanov rayonu üzrə 177, Pirallahı rayonu üzrə 168, Qaradağ rayonu üzrə 184, Suraxanı rayonu üzrə 84, Xəzər rayonu üzrə 156, Nəsimi rayonu üzrə 164, Nizami rayonu üzrə 210, Səbail rayonu üzrə 189-190, Yasamal rayonu üzrə 18 nömrəli tam orta məktəblər münsiflər heyəti tərəfindən qalib seçiliblər.

Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yenilənməsi, xəbərlərin məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas tutulduğunu vurğulayıb.

İdarə müdiri bütün məktəb saytları üzrə müvafiq bölmələrin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsinin, məktəb haqqında göstəricilərin hazırki vəziyyətə uyğunlaşdırılmasının zəruriliyini nəzərə çatdırıb. Məktəb saytlarında operativliyin artırılması və maarifləndirici xarakterli məqalələrin yerləşdirilməsini tövsiyə edib. Qalib məktəb direktorları məktəb saytlarının müvafiq meyarlara uyğunlaşdırılması istiqamətində görülmüş işlərdən danışıb və müsabiqənin təşkilinə görə təşəkkürlərini bildiriblər. Sonra müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “Ən yaxşı məktəb saytı” müsabiqəsi 2017-2018-ci tədris ilinin əvvəlindən start götürüb. Müsabiqə çərçivəsində hər tədris ili ərzində 2 dəfə qaliblərin müəyyənləşdirilməsi nəzərdə tutulub.

Oxunub 1486 dəfə