Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
Müsabiqədə iştirak ödənişlidir. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə qəbul imtahanı iki dəfə (yaz və yay sessiyaları) keçirilir və abituriyentlər hər iki imtahanda (hər sessiyada bir dəfə olmaqla) iştirak edə bilərlər.
İlk qəbul imtahanı (yaz sessiyası) II-III ixtisas qrupları üzrə mayın 13-də, I-IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək. İkinci imtahan (yay sessiyası) isə I-IV ixtisas qrupları üzrə iyulun 18-də, II-III ixtisas qruplari üzrə isə iyulun 26-da keçiriləcək. Abituriyentlər hər iki imtahanda iştirak edə bilərlər.
Buraxılış imtahanında tədris dili fənni üzrə imtahan verməyən cari ilin məzunları (tədris dili Azərbaycan və ya rus dili olmayan məktəblərin məzunları) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim etdikləri halda, buraxılış imtahanında digər fənlərlə yanaşı, ərizədə qeyd etdikləri qəbul imtahanı dilinə uyğun olaraq Azərbaycan və ya rus dili fənnindən imtahan verirlər.
I-IV ixtisas qrupları üzrə hər iki imtahanda iştirak edən abituriyent ikinci imtahanı birinci imtahandan fərqli ixtisas qrupu üzrə də verə bilər.