Bəstəkarın tələbə və pərəstişkarlarından fərqli olaraq, dostlarının yaddaşında o, həm də diqqətli, hazırcavab, maraqlı həmsöhbət, müdrik məsləhətlər verən dost kimi qalacaq. Biz də onu dostumuz bilir, məsləhətlərindən faydalanır, bir çox nəsillərin Kumiri olan Oqtay müəllimin tükənməz enerji, istedad və yüksək peşəkarlığına valeh olurduq.
5 il əvvəl layihələrimizdən birinə başlayarkan, ilk dəfə dəfə olaraq məsləhət üçün Oqtay müəllimə müraciət etdik. Bəstəkar düşünmədən layihəyə qoşuldu və layihənin uğurla başa çatması üçün əlindən gələni etdi. İki il sonra başlayan “Yeni uşaq mahnıları-2013” layihəsinin uğurunda da Oqtay müəllimin imzası var: uşaq mahnıları ilə bağlı ölkədə yaranan boşluq məhz onun həmsədrlik etdiyi Münsiflər Heyəti tərəfindən aradan götürüldü. Gərgin və maraqlı anlarla yadda qalan mahnı seçimində o, çalışqanlığı və səmimiliyi ilə hər kəsi layihənin ideyası ətrafında birləşdirirdi.
Oqtay Zülfüqarov haqqında danışmaqla bitməz. Bilirik ki, o bizi eşidir: “Əzizimiz Oqtay müəllim, Sizin mahnılarınızla neçə-neçə nəsillər böyüyüb başa çatıb. Ana və atalarımız, biz və uşaqlarımız. Biz heç də şübhə etmirik ki, nəvə və nəticələrimiz Sizin mahnıları sevəcək və ifa edəcəklər. Napoleon Xillın “Düşün və varlan” kitabında yer alan hekayələrdən birində anadangəlmə eşitmə qabiliyyəti olmayan oğlan uşağının əhvalatı var. O, həyatdakı missiyasını eşitmə aparatlarının satışında reallaşdırdı və bu sahədə çalışarkan minlərlə insana eşitmə qabiliyyətini bəxş etdi. Siz isə millionlara “Bu dünyada bizdən də böyük varlıq var” kimi Allahın ehkamını dərk etdirmiş oldunuz. Bu, bəşəriyyətə bəxş edilmiş ecazkar Musiqidir. Yaş ötdükcə yaddaşlarızdan bəzi hadisələr silinir, lakin uşaqlıqda yaranan ən parlaq təəssüratlar heç vaxt itmir. Sizin mahnılarınız – bizim qayğısız uşaqlığımız, rəngarəng xəyallar və başımızın üstündəki mavi səmadır. Bunun üçün təşəkkür edirik!”
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin kollektivi