Yeni tədris ilindən məktəbəqədər hazırlıq dövlət hesabına olacaq
Yeni tədris ilindən ölkənin əksər orta məktəblərində uşaqların məktəbəqədər təhsilinin dövlət hesabına təşkili mümkün olacaq. Oktyabrın 1-dən başlayacaq məşğələlərin təşkili üçün artıq müəyyən hazırlıqlar görülür. Bunun üçün həmin məktəblər və tədrisi aparacaq pedaqoqlar müəyyənləşdirilir, uşaqların sayı dəqiqləşdirilir. Eyni zamanda əyani vəsait və tədris resursları hazırlanaraq, müvafiq yerlərə göndərilir. Məktəblərdə məşğələlərə sənəd qəbulu ilə bağlı elanların yerləşdirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, 7 istiqamət üzrə aparılacaq məşğələlər həftədə 4 dəfə təşkil olunacaq. Bu məşğələlər uşaqların yeni tədris məzmunu, dərs həyatına hazırlıq, eyni zamanda məntiqi təfəkkürün inkişafı məqsədilə keçiriləcək.
Xatırladaq ki, hələ iyul ayında təhsil naziri Mikayıl Cabbarov mətbuata açıqlamasında baş nazirin müvafiq qərar imzaladığını və məktəbə hazırlıq kurslarının tamamilə könüllü proses olduğunu qeyd etmişdir.
Qeyd edək ki, Təhsil Nazirliyi dövlət büdcəsində məktəbəqədər hazırlıq üçün hər hansı vəsait nəzərdə tutulmadığından iki il pullu məktəbəqədər təhsil hazırlıq kurslarını yaratmış və minlərlə uşaq bu kurslara cəlb olunmuşdur. Oktyabrın 15-dən mayın 25-dək həftədə 4 gün davam edən hazırlıq kursları uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsi məqsədilə aparılmışdır.