Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. APA-nın məlumatına görə, Heydər Əliyev Sarayında keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək dahi bəstəkarın ömür yolundan və yaradıcılığından söz açıb. Bildirib ki, bu gün görkəmli bəstəkarın anadan olmasının 130 illiyi tamam olur.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur...
Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin 107 il bundan əvvəl tamaşaya qoyulan "Leyli və Məcnun" operası ilə başlanıb. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış "Leyli və Məcnun" yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Üzeyir Hacıbəyli həmçinin milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan "Koroğlu" operasını bəstələyib.
Nazir müavini deyib ki, 2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər. Ə.Vəliyev deyib ki, Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr edilən VII Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya və Kanadadan tanınmış musiqiçilər və kollektivlər iştirak edirlər.
Festival Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestrinin ifasında (orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti Rauf Abdullayevdir) dahi bəstəkarın "Koroğlu" operasından uvertüranın səslənməsi ilə açıq elan edilib. Gecədə Azərbaycan Dövlət xor kapellası, Opera və Balet Teatrının balet truppası, Dövlət Rəqs Ansamblı və Azərbaycan Dövlət Musiqili Teatrının ifasında maraqlı konsert proqramı təqdim olunub.
Festival sentyabrın 28-dək davam edəcək.