Bakıda ilk Avropa Oyunlarına start verildi
Bu gün səhər saat 09:00-da Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülərin mübarizəsi başlayıb. Təsnifat mərhələsində sərbəst hərəkətləri yerinə yetirəcək üzgüçülər Avropa Oyunları tarixinə mübarizəyə başlayan ilk idmançılar kimi düşəcək. Mərkəzin hovuzunda 20 duet mübarizə aparacaq. Onlar iyunun 15-də baş tutacaq final mərhələsinə vəsiqələrin sahiblərini müəyyənləşdirəcək.
Yarışların tarixində mübarizəyə qoşulacaq ilk idmançılar isə Belarus təmsilçiləri Anna Şulyina və Dominika Tsıplakova olacaq. Ardınca Slovakiya, Polşa, Macarıstan, İspaniya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna, idmançıları bacarığını nümayiş etdirəcək.
Avropa Oyunlarında start xəttinə çıxacaq ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulacaq. İdmançılarımızın ardınca Böyük Britaniya, Avstriya, Lixtenşteyn, Yunanıstan, İsveçrə, Fransa, Bolqarıstan, İsrail, Hollandiya və İtaliya duetləri çıxış edəcək.
Qeyd edək ki, Birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 9-da başlayacaq və bütün dünyada canlı nümayiş olunacaq.
Bakı 2015 Açılış Mərasimi unudulmaz tədbir üçün bütün imkanlara sahibdir və buna dünya miqyasında keçirilən canlı yarış mərasimlərinə başçılıq edən dünyanın ən təcrübəli və tanınmış peşəkarlarından biri olan Katerina Uqvu nəzarət edəcək.
Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.