“İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsi çərçivəsində sərgi təşkil edilib
Iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə “İlk Avropa Oyunları gənc rəssamların gözü ilə” layihəsi çərçivəsində gənc rəssamların rəsm işlərindən ibarət sərgi açılıb.
Tədbirdə layihənin rəhbəri Samir Quliyev çıxış edərək layihə haqqında məlumat verdi, qeyd etdi ki, Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunan sərginin keçirilməsində əsas məqsəd “Bakı-2015” birinci Avropa Oyunlarının təbliğat kampaniyasına dəstək olmaq və gənc istedadlı rəssamların üzə çıxarılmasına təkan verməkdir.
Daha sonra gənclər və idman nazirinin müavini İntiqam Babayev gənc rəssamların belə layihələrdə iştirakını öz çıxışında yüksək qiymətləndirib və bütün iştirakçılara təşəkkürünü bildirib.
Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağali İbrahimov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayilov gəncləri qazandıqları uğurlara görə təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıblar.
Layihə çərçivəsində nümayiş olunan rəsm əsərlərinə görə I yerə gənc rəssam Aysel Əliyeva, II yerə Şəhla Abbasova, III yerə isə Lalə Heydərova layiq görülüb. Qaliblərə diplom və xatirə hədiyyələri təqdim olunub. Sonra sərgi açıq elan edilib. Sərgidə gənc rəssamların 100-dən çox rəsm əsəri nümayiş olunub.