“Sərçənin sərgüzəştləri” operasının ilk təqdimatı Bəstəkarlar İttıfaqının səhnəsində
Mayın 25-də Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkar, əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovun “Sərçənin sərgüzəştləri” adlı yeni uşaq operasının premyerası keçirildi. Bakı şəhəri 3 saylı Uşaq İncəsənət Məktəbinin uşaq xoru, rəqs qrupu və solistlərinin ifasında təqdim olunan tamaşa 28 may - Respublika Günü və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşdur.
Premyeradan əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə rəhbərlik etdiyi qurumun uşaq musiqisinə həmişə yüksək qiymət verdiyini vurğulayaraq, uşaqlar üçün biri-birindən maraqlı əsərlər yaradan Oqtay Zülfüqarov, Azər Dadaşov, Əfsər Cavanşirov, Oqtay Rəcəbov, Rəşid Şəfəq və digər görkəmli bəstəkarlarımızın adlarını xüsusi olaraq qeyd edib. “Uşaq musiqisi elə yazılmalıdır ki, uşaqlar onu həm dərk, həm də ifa edə bilsinlər” - deyə, bildirib. Onun sözlərinə görə, 4 uşaq operasının müəllifi olan Oqtay Rəcəbov yalnız bəstəkar kimi deyil, pedaqoq kimi də uğurla fəaliyyət göstərir.
Sonra səhnəyə “Sərçənin sərgüzəştləri” operasını təqdim etmək üçün Bakı şəhəri 3 nömrəli uşaq incəsənət məktəbinin kollektivi çıxıb.
Premyaradan sonra Oqtay Rəcəbov məktəbin kollektivini təbrik edərək yaradılan şəraitə görə Bəstəkarlar İttifaqına minnətdarlığını bildirib.
Tədbirin sonunda tamaşanı hazırlayan uşaq incəsənət məktəbinin müəllimləri və Sərçə rolunun ifaçısı Aygün Hüseynova Bəstəkarlar İttifaqının diplomları ilə təltif ediliblər.