Bu gün bəstəkar Ağabacı Rzayevanın anım günüdür
Bu gün Azərbaycanın ilk qadın-bəstəkarı, əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın anım günüdür. Üzeyir Hacıbəyovun ilk tələbələrindən olan Ağabacı Rzayeva 1912-ci il dekabrın 15-də Bakıda musiqçi ailəsində anadan olmuşdur. Poeziyanı, şeriyyatı qözəl bildiyi ücün mahnı və romanslarında sözlərə böyuk əhəmiyyət verən bəstəkar Nizami Gəncəvi, M.Füzuli, İmaməddin Nəsimi, M.P.Vagif, X.Natəvan, M.Ə.Sabir, M.F.Axundov, Səməd Vurğun, M.Müşfiq, N.Hikmət kimi söz ustadlarının şerlərinə müraciət etmişdir.
Bəstəkar uşaqlar üçün də onların anladığı dildə biri-birindən gözəl mahnılar, o cümlədən ”Kukla”,”Qaranquş”,”Pioner qalstuku”,”Bakı metrosu”,”Qərənfiləm mən”,”Ağ göyərçinim”,”Balaca kapitan” və digərlərini yazmışdır. Həmin mahnılar bu gün də məktəb proqramlarında öz yerini tutub və uşaqların sevimli mahnılarına çevriliblər.
Qeyd edək ki, 2012-ci il dekabrin 10-da Rəşid Behbudov adına Mahnı Teatrında Ağabacı Rzayevanın 100 illik yubileyi keçirilmişdir. Bu möhtəşəm gecə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycan milli musiqisinin inkişafında mühüm xidmətləri olan bəstəkarın yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı ölkə başçısına müraciəti əsasında mümkün olmuşdur.
Yubiley gecəsində bəstəkarın əsərləri, o cümlədən romans və instrumental pyeslər, xalq mahnıları tanınmış sənətçilərin ifasında səslənməklə yanaşı Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Azərbaycan Dövlət Televiziyasının “Bənövşə” uşaq xorunun solistləri Ağabacı Rzayevanın bu gün də sevilən “Kukla”, “Gənc dənizçi”, “Qaranquş”, “Sabahın ustaları” kimi uşaq mahnılarını ifa etmişlər.