ELS uşaq teleefirinin monitorinqinin nəticələrini açıqladı
Noyabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “Vətəndaş cəmiyyəti gələcəyimiz naminə” layihəsi çərçivəsində “Uşaq teleefirinin problemləri və perspektivləri” mövzusunda Dəyirmi Masa keçirilmişdir.
Dəyirmi Masa iştirakçılarını salamlayan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova 2014-cü ilin 1 oktyabr tarixindən başlayaraq bir ay müddətində ölkənin efir məkanında nümayiş olunan uşaq və gənclər proqramlarının monitorinqinin nəticələrini açıqladı. Onun sözlərinə görə, ölkə ərazisində yayımlanan 9 ümumölkə və 9 regional televiziya kanalının proqramlarının monitorinqi 2011-ci ildən bugünədək uşaq verilişləri üçün ayrılan efir vaxtında önəmli dəyişikliklərin olmadığını üzə çıxarıb.
Telekanallarda uşaq verilişlərinə ayrılan vaxtın müqayisəsi göstərmişdir ki, uşaqlar üçün gündəlik axşam verilişlərinin translyasiya ənənəsini 2011-ci ildən bugünədək yalnız İTV həyata keçirir. Tədqiqat müəyyən etmişdir ki, bir çox telekanallarda uşaq verilişləri həftə ərzində efirdə qeyri-bərabər paylanılır və əsasən günün birinci yarısında göstərilir..
İctimai müzakirələr zamanı millət vəkili Kamilə Əliyeva Azərbaycanda uşaq siyasəti ilə bağlı qəbul olunmuş onlarla qanun və qərarlara baxmayaraq bu gün ölkə ərazisində yayımlanan telekanallarda vəziyyətin acınacaqlı olduğunu dedi. Onun sözlərinə görə, uşaqların yaşına uyğun verilişlər hazırlanmalı və burada ilk növbədə vətənpərvərlik mövzusu prioritet təşkil etməlidir. Millət vəkili vəziyyətdən çıxış yolunu Dövlət Uşaq Telekanalının açılmasında görür.
İctimai Televiziyanın Proqram Departamentinin direktoru Abbas Rüstəmov isə bildirdi ki, təmsil etdiyi telekanalın efirində kifayət qədər uşaq mövzusu işıqlandırılır ki, bu da “ELS”-in monitorinqinin nəticələrində öz əksini tapmışdır.
Prezident Administrasiyasının təmsilçisi Vüqar Səlimov “ELS”-in bağlanğıclarına hər zaman dəstək verdiyini deyərək, bu cür tədqiqatların həyata keçirilməsini təqdirəlayiq hesab etdiyini və bu istiqamətdə ictimai qurumlarla dövlət strukturlarının birgə fəaliyyət göstərməli olduğunu vurğuladı.
Maraqlı fikir mübadiləsi ilə yadda qalan Dəyirmi Masanın sonunda ölkə Prezidentinə Dövlət Uşaq Televiziyasının açılması, Uşaq Siyasətinə dair Milli Strategiyanın qəbulu və Uşaq mədəniyyəti sahəsində Müstəqil Təşəbbüslərə Dəstək Fondunun yaradılması ilə bağlı müraciətlər qəbul olundu.
Qeyd edək ki, ictimai müzakirələrdə Prezident Administrasiyası, Ombudsman Aparatı, aidiyyatlı dövlət qurumlarının nümayəndələri, telekanalların Proqram Departamentlərinin rəhbərləri, tanınmış incəsənət xadimləri, qeyri-hökümət təşkilatları və KİV təmsilçiləri iştirak etmişlər.